Əlverişli şərait yaranıb

Əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi müsbət nəticəsini verəcək


Ermənistan ordusunun zabiti Qurgen Alaverdyanın Goranboy rayonu istiqamətində diversiya cəhdi zamanı Azərbaycana əsir düşməsi ciddi polemikalara yol açıb. İki gündür erməni mediasında, ələlxüsus Dağlıq Qarabağda əsir və girovların dəyişdirilməsi məsələsi müzakirə olunur. “Lragir.am” saytının siyasi şərhçisi Nairi Ayrumyan əsir və girovların “hamının-hamıya” prinsipi ilə azad oluna biləcəyini istisna etmir.

O, bu prosesdə Moskvanın önəmli rol oynayacağını təxmin edir. Ekspertin fikrincə, girovların saxlanıldığı Qarabağda separatçı rejimin yeni “rəhbəri” Araik Arutyunyan da təşəbbüsə isti baxır, əsir və girovların dəyişdirilməsinə qarşı çıxmır. Lakin Ermənistanın siyasi rəhbərliyində məsələ ilə bağlı ciddi fikir ayrılığının olduğu deyilir. 



Məsələni “Şərq”ə dəyərləndirən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov hesab edir ki, Dağlıq Qarabağdakı qondarma rejim Paşinyanın başı üzərindən rəsmi Moskva ilə isti münasibətlər qurmağa və öz məqsədinə nail olmağa çalışır.

Partiya rəhbərinin sözlərinə görə, Rusiyanın Azərbaycanla bağlı gələcək geosiyasi planları var. Separatçı rejim məhz bu planların həyata keçməsinə münbit şərait yaratmaq məqsədilə əsirlərin dəyişdirilməsi məsələsinə “razılıq” verir:

“Bu yaxınlarda Xankəndində Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib və bildirilib ki, tezliklə “müsbət irəliləyiş” olacaq.

İclasda “hamının hamıya” prinsipinə əsasən əsir və girovların dəyişdirilməsinin mümkünlüyü də qeyd edilib. Hətta 6 ildir erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin dəyişdirilməsi istisna olunmayıb.

Rusiya, Ermənistan və qondarma rejim arasında müxtəlif oyunlar qurula bilər. Ancaq hesab edirəm ki, 6 ildir girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı digər məsələlərdən daha önəmlidir.

Yenə deyirəm, məqsəd başqa ola bilər, təki Dilqəmlə Şahbazı girovluqdan azad edək. Ermənistanın kəşfiyyat-diversiya qrupunun komandirini ələ keçirməyimiz soydaşlarımızın girovluqdan xilası üçün əlverişli şərait yaradıb. Əminəm ki, əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi müsbət nəticəsini verəcək”.