Yollarda şəhidlərimizə qoyulmuş posterlər niyə götürüldü?

İcra Hakimiyyətindən deyirlər ki, biz sökməmişik, lövhələri asan şəxsin özü yığışdırıb

Paytaxtın Binəqədi rayonu, Mehdiabad yolunun kənarında üzərinə şəhidlərin fotoları vurulmuş lövhələr götürülüb. Qeyd edək ki, şəhidlərin fotoları vurulmuş dəmir lövhələr uzun müddət idi ki, yolçuları “qarşılayıb”, “yola salırdı”. Yoldan keçənlər şəhidlərin ruhuna dualar oxuyur, Vətən yolunda canını sipər edənlərin gülümsər baxışları altında yollarına davam edirdilər və bu xeyirxah əməl sahibinə “əhsən” deyirdilər. Ancaq deyəsən, şəhidləri fotoları kimlərisə narahat edib.

Ona görə də dəmir lövhələrin yol kənarından yığışdırlmasına qərar verilib. Görəsən, şəhid şəkillərindən narahatlıq keçirən kimdir? Eyni hal bir neçə gün öncə Bakının Görədil kəndində də təkrarlanlb. Orada da şəhidlərin fotosu vurulmuş bir neçə dəmir lövhənin götürülməsinə, deyilənə görə, Binəqədi Rayon İcra Hakimiyyəti göstəriş verib. Bu isə kənd camaatının haqlı narazılığına səbəb olub. Kənd camaatı “Prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhidlərə yüksək dəyər vderdiyi halda, icra hakimiyyəti, kənd nümayəndəliyinin şəhidlərə bu cür hörmətsiz yanaşmasının hansı izahı ola bilər?! Onlar dövlətimizə qarşı çıxır” deyə narazılıq edib, məsələnin tezliklə həllini tələb ediblər.

İndi də Mehdiabad yolunda həmin rəzillik təkrarlanır. Onu da vurğulayaq ki, Mehdiabad yolunda şəhidlərin fotolarından ibarət dəmir lövhələrdə bütün dövrlərin şəhidləri xatırlanırdı. Milli Qəhrəman Allahverdi Bağırov, Əliyar Əliyev, Mübariz İbrahimov, Aprel döyüşlərinin şəhidləri – Emin Bağırov, Mahir Mirzəyev, Tovuz müharibəsinin qəhrəmanı general Polad Həşimov (Prezidentin sərəncamı ilə Milli Qəhrəman adına layiq görüldü) və ikinci Qarabağ savaşının qəhrəmanları Maarif Səfərov, Cəbrayıl Dövlətzadə, Elməddin Vəlişov və Şəhriyar Qasımov. Amma artıq şəhidlərimizin lövhələri yoxdur. Şəhidlərimiz yolumuzu bəzəmir daha. Niyə? Bu hadisənin ictimaiyyətdə böyük narazılıq yaratdığını görən Binəqədi Rayon İcra Hakimiyyəti  özünü sığortalamaq üçün “boğazdan yuxarı” bir açıqlama verib.  

 “Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyətinin   İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva sayta  bildirib ki, həmin lövhələr icra hakimiyyəti tərəfindən sökülməyib: “Lövhələri asan şəxs özü onları ərazidən yığışdırıb. Görüb ki, lövhələr hamının xoşuna gəlib. Ona görə də bunları müvəqqəti olaraq götürüb ki, daha möhtəşəm bir iş görsün. Əvəzində  bütün Binəqədi rayonu şəhidlərini əhatə edəcək başqa bir lövhə qoyulacaq”. Təki belə olsun. Amma İH rəsmisinin dediyi kimi daha möhtəşəm bir iş görmək istəyirlərsə, bu barədə elə həmin yerdəcə bir lövhədə xəbərdarlıq etmək də olardı, təxminən belə bir məzmunda ki, şəhidlərin fotolarından ibarət daha böyük lövhə hazırlanır, yaxın zamanda quraşdırılacaq. Yaxud da o böyük lövbə hazır olandan sonra əvvəlkilər yığışdırılardı. Nədir, şəhidlərin fotolarını yenidən çap etdirmək çətindir, yoxsa pulunuz azdı?! Qəbul edirik, niyyət saf ola bilər və o lövhələrin götürülməsi həqiqətən də əvvəlkindən daha böyük, görkəmli lövhə hazırlamaq məqsədi daşıya bilər. Lakin niyyətin həyata keçirilmə üsulunda qüsur var. Hazırkı həssas dönəmdə insanların heysiyyətinə toxunacaq bu səpkili əməllərdən çəkinilməlidir. 

Qarabağ Qaziləri Birliyi mətbuat xidmətinin rəhbəri, hərbçi jurnalist Rey Kərimoğlu “Şərq”ə açıqlamasında yaşanan bu hadisəni biabırçı və yaramaz adlandırdı: 

- Bu, birinci hal deyil baş verir. Bir neçə dəfə belə hallar təkrarlanıb. Şəhidlərin vaxtilə yaşadığı ünvanlarda, həmçinin ayrı-ayrı şəhərlərdə, kənd və qəsəbələrdə şəhidlərin posterləri gecə ikən götürülüb. Narazılıq olanda yerli icra nümayəndələri deyiblər ki, guya yeniləmək, daha yaxşısını düzəltmək üçün yığışdırııb, amma vaxt ötüb, yeniləri isə qoyulmayıb. Sumqayıtda da eyni hal baş vermişdi. Yəni “yenisini düzəldəcəyik”, “daha yaxşısı qulacaq” kimi açıqlamalar indiyədək ancaq baş aldatmaq məqsədi daşıyıb. Mehdiabad yolundakı hadisə də növbəti “yola verməkdir”. Onların yeni posterlər quraşdırmaq fikri də yoxdur.  Görürlər ki, narazılıq var, baş qatırlar. 

R.Kərimoğlu bildirdi ki, bütün rayonların icra hakimiyyətləri, yerli bələdiyyələr, icra nümayəndələri şəhidlərin posterlərini ən görünən yerlərdə yerləşdirməlidirlər. Bu iş üçün böyük məbləğdə vəsait də tələb olunmur. Ümumiyyətlə, belə məsələlərdə maddi vəsaitdən danışmaq yersizdir. Şəhidlər Vətən yolunda canlarını fəda ediblər, onların posterləri olan lövhələr quraşdırmaq hamının borcudur: 

- Hər şəhərdə, kənddə, qəsəbədə belə posterlər olmalıdır.

Bu, vətənpərvərliyin təbliği üçün ən gözəl vasitələrdən biridir. Şəhidin fotosunu, posterini yerləşdirmək əvvəla, onu yerləşdirən adamın özünə hörmət qazandırır. Şəhid onsuz da yüksəkdədir, şəklini, fotosunu yerləşdirdin, ya yerlşdirmədin. Biz Qarabağ qaziləri  Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyevə müraciət edəcəyik ki, şəhidlərin statusu ilə bağlı qanuna yenidən baxılsın. Çünki qanunda bəzi boşluqlar var. Orden, medalı, hər hansı təltifi olmayan şəhidlərlə bağlı qanuna düzəlişlər edilməlidir. Bəzi üzdəniraq məmurlar  bunu da bəhanə edir. Şəhidə, şəhid və qaz ailəsinə hər hansı formada  hörmətsizlik edənlərə heç bir güzəşt olmamalıdır.