Müharibə çox ağır izlər buraxdı

Valideynlərini itirmiş uşaqlar da diqqət mərkəzində olmalıdır

Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi planlaşdırılır. 
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planında bir sıra məsələlər öz əksini tapıb. Azyaşlılara qarşı zorakılıq hallarının öyrənilməsi məqsədilə statistik təhlillər aparılması, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi planda nəzərdə tutulan məsələlərə aiddir.

Həmçinin, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi, uşaqların peşəyönümü meyillərini özündə ehtiva edən sorğuların hazırlanması və həyata keçirilməsi də planlaşdırılır. 

Məsələ barədə millət vəkili Jalə Əliyeva "Şərq"ə bildirib ki, uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar bütün məsələlər daim diqqətdə olub:

"Uşaqlar bizim gələcəyimizdir. Onların daima dövlətin qayğısına ehtiyacı var. Məhz ona görə də sözügedən mövzu ilə bağlı hər zaman əhəmiyyətli qərarlar verilir, onların inkişafı yönündə tədbirlər həyata keçirilir. Azyaşlıların hüquqlarının qorunması sahəsində davamlı olaraq təkmilləşdirilmə işləri aparılır. Bu sahə üzrə Azərbaycan dövlətinin həyata keçirdiyi bütün proqramlarda və qanunların hər birində ailələrin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi olduqca vacib yer tutur.  Bu, dövlətin prioritet istiqamətlərindən biri sayılır". 

Deputat müharibə zamanı valideynlərini itirmiş uşaqlar və onların yenidən cəmiyyətə inteqrasiyası mövzusuna da toxunub:

"Bu gün Azərbaycan müharibədən yeni çıxmış bir ölkədir. Müharibənin vurduğu ziyanlar, düşmən təxribatları nəticəsində arzuolunmaz hadisələrin  övladlarımızın həyatında buraxdığı mənfi izlər heç vaxt unudulmamalıdır. Dövlətimiz bununla bağlı məsələləri də göz önündə tutur. Bildiyimiz kimi, müharibə zamanı  Gəncə, Bərdə və digər ərazilərimizə müxtəlif raket hücumları həyata keçirilib. Bu cür hadisələr ucbatından bir çox uşaq öz valideynini itirib. Həmin qəbildən olan uşaqların psixoloji yardım alması, reabilitasiya olunması üçün dövlət əlindən gələni edir. Bu məsələ daim dövlətin diqqət mərkəzindədir". 

Aytac Ali