Hüquq müdafiəçisi bundan sonra heç bir siyasi təşkilata qoşulmayacaq
“Özüm bir partiyayam, mənə partiya lazım deyil, bunu 30 ildir hamı görür”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib. Müsavat Partiyasından istefa səbəbi ilə bağlı danışan N.Cəfəroğlu "teleqraf.com"a bildirib ki, ona görə partiyaya yüz söz deyirlər. İllərlə parlamentdə oturanlar belə ona görə Müsavata söz atırlar: "Partiyanı bu cür hədəfə tutmasınlar deyə istefa verdim. Müsavata irad bildirirdilər ki, niyə siz indiyə kimi Novellanı partiyada saxlayırsınız? Nə üçün o partiyada qalmalıdır?". N.Cəfəroğlu qeyd edib ki, onun partiyada olması çoxlarının xoşuna gəlmirdi: “Bir dəfə Prezident İlham Əliyevi tərifləmişdim deyə məni topa tutmuşdular. İndi də o fikirdəyəm ki, Prezident İlham Əliyev çox güclü lider, gözəl dövlət başçısıdır. Qarabağı azad edib. Müsavatdakı və digər müxalifət partiyalarındakı dostlarımın hamısı bir vaxt deyirdilər ki, Prezident İlham Əliyev Qarabağı alsın, gedib onun əlindən öpəcəyik. Qarabağı alsın, ömrünün sonuna kimi Prezident olsun deyənlər də vardı. Amma mən bu sözləri təkrar edəndə hücuma keçdilər. Fakt odur ki, bu sözü yanımda çox adam deyib. Adlarını açıqlamıram, özləri bu açıqlamamı oxuyanda biləcəklər”. Hüquq müdafiəçisi bundan sonra heç bir siyasi təşkilata qoşulmayacağını bildirib: “Özüm bir partiyayam. Mənə partiya lazım deyil. Bunu 30 ildir hamı görür. İstəsəm özüm nümunəvi bir partiya yaradaram. 30 il Müsavat Partiyası ilə yol gəlmişəm. Sona qədər də müsavatçılar mənim üçün dost qalacaqlar. Müsavatçılıq bizə ailədən gəlir. Bu partiyanı heç kəs tanımayanda babam Mirzəli bəy Bektaşi Naxçıvanda Müsavatın yaranmasına böyük köməkliklər edib. Ona görə də partiyadan çıxarmaqla məndən Müsavatın ideyalarını ala bilməyəcəklər”.
Müsavat Partiyasının Məclis sədri Arif Hacılı da bildirib ki, partiya nizamnaməsinə görə, hər hansı istefa ərizəsi müzakirə edilmədən qəbul olunur: “Novella Cəfəroğlunun partiyadan istefa səbəbi ictimaiyyətə məlumdur. Ona görə də buna heç bir əlavəm yoxdur. Özü bu barədə düşünərək qərar qəbul edib. Belə bir qərar qəbul etmək onun hüququdur”.