İran məmurlarının Zəngəzurla bağlı açıqlamaları bizi tarixə nəzər salmağa vadar edir
“Beynəlxalq ictimaiyyət tərəfindən Zəngəzur və Qarabağ daim Azərbaycan dövlətinin bir parçası olub”
“İran dövləti 1919-1920-ci illərdə davam edən görüşlərdə, ən nəhayət, AXC-ni tanıyarkən Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini tanımışdı. Həmin dövrdə, hələ Zəngəzur SSR rəhbərliyi tərəfindən ermənilərə verilməmişdi və dövlətimizin ərazisi 114.000 kv km idi”
Son həftələrdə İranın parlamentariləri, politoloqları, hərbçiləri tərəfindən Zəngəzur dəhlizi ətrafında ard-arda bəyanatlara şahidlik etməkdəyik. Bəyanatlarda Rusiya prezidentinin və xarici işlər nazirinin Zəngəzur dəhlizinin açılmasına tərəfdar olması tənqid edilir və narahatlıq doğurur. Məsələ ilə bağlı narahatlığın ciddiliyini təsdiq edən məqam qonşu dövlətin son 1 həftədə hər gün Azərbaycana, Ermənistana, ələlxüsus Rusiyaya KİV-lər vasitəsilə bu yolun açılmasına "icazə verməyəcəkləri" ilə bağlı göndərdikləri ismarıclardır. Qeyd edək ki, İranın dini lideri Xameneinin nümayəndəsi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli-Əkbər Əhmədian BRİKS sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib. O da vurğulanır ki, Sergey Şoyqu ilə görüşdə Rusiya tərəfinin Zəngəzurla bağlı mövqeyinin aydınlaşdırılması istənilib. Çox güman ki, İranı narahat edən əsas səbəb bölgənin gələcək siyasi, iqtisadi və hərbi coğrafiyası ilə bağlı Rusiyanın Azərbaycanla, yoxsa İranla həmfikir olması sualıdır. Ermənistan və Rusiya arasında münasibətlərin soyuqluğu və son vaxtlar Bakı-Moskva arasında ənənəvi yanaşmaların deyil, yeni reallıq və yeni baxış bucağının formalaşması Tehranı narahat etməkdədir. Hərçənd Azərbaycan tərəfi dəfələrlə sübut edib ki, 2020-ci ilin sonunda bərpa olunan ədalətdən sonra yeni reallıqlar İrana da böyük üstünlüklər gətirəcək. Yeni reallıq Tehran üçün heç də bəyan etdikləri çağırışları gətirməyəcək.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az”a deyib ki, hazırda bütöv Azərbaycan və Zəngəzur mövzuları ətrafında İrandakı isterika ilk dəfə deyil.
Ekspert xatırladıb ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə də, İrandakı siyasətçilər Cənubi Qafqazdakı proseslərə ehtiyatla yanaşır və baş verənləri dövlətləri üçün təhdid sayırdılar: "1919-cu ildə əvvəlcə M.Ə.Rəsulzadə, daha sonra Y.V.Çəmənzəminli “Xarici siyasətimiz” adlı kiçikhəcmli əsərində Tehranın narahatlığına cavab veriblər. Qeyd edilib ki, "dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın hüququna təcavüz etmək fikrində deyilik; olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır”. Bu gün də Azərbaycan dövlətinin rəsmiləri dəfələrlə bəyan edirlər ki, ölkəmiz İran ilə dost, qonşuluq münasibətlərinin tərəfdarıdır. Bu illər ərzində Ermənistanın tam olaraq blokadada qalmamasının yeganə səbəbinin İran olmasına baxmayaraq, Azərbaycan dövləti İranı "3+3" formatında iştirak etməyə dəvət edib. Cənub-şimal nəqliyyat xəttinin mümkün qədər tez işə salınması üçün səylərini davam etdirir. Arazın cənubundakı siyasətçilər çox yaxşı bilirlər ki, Azərbaycan Respublikasının rəhbərliyi heç vaxt İrana qarşı koalisiyalarda iştirak etməyib və əsl qonşuluq və qardaşlığın necə olduğunu dəfələrlə birtərəfli qaydada sübut edib".
Z.Məmmədov vurğulayıb ki, İranın müxtəlif məmurlarının Zəngəzurla bağlı açıqlamaları bizi tarixə nəzər salmağa vadar edir: "Əhməd şah Qacar çətin və gec də olsa, bu ərazilər də daxil olmaqla 114 min kv. km-lik Azərbaycan Respublikasını tanıyıb. Ad ilə bağlı narazılıq olsa da, ərazilər və sərhəd xətti mübahisə doğurmayıb. Bu aspektdən 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin İrana ilk diplomatik missiyasının hesabatı böyük maraq kəsb edir. Diplomatik danışıqlar 1920-ci il martın 20-də bir sıra sazişlərin-teleqraf, ticarət-gömrük, poçt sazişlərinin və konsul konvensiyasının qəbulu ilə başa çatdı. Hər iki ölkə arasında imzalanmış sənədlər içərisində ən əhəmiyyətlisi İran şahənşahlığı və AXC arasında imzalanmış Dostluq Müqalivəsi oldu. Bu müqaviləyə əsasən İran AXC-ni de-yure tanıyır və heyətinin rəhbəri Seyid Ziyaəddin bütün müqavilə və protokolları heyət üzvlərindən biri vasitəsilə Baş nazir Vüsuq əd-Dövlənin təsdiqinə göndərdi. Sonrakı hadisələr məlumdur, 28 aprel hadisələri və süqut... Beləliklə, İran dövləti 1919-1920-ci illərdə davam edən görüşlərdə, ən nəhayət, AXC-ni tanıyarkən Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini tanımışdı. Həmin dövrdə, hələ Zəngəzur SSR rəhbərliyi tərəfindən ermənilərə verilməmişdi və dövlətimizin ərazisi 114.000 kv km idi. Beləliklə, beynəlxalq ictimaiyyət tərəfindən Zəngəzur və Qarabağ daim Azərbaycan dövlətinin bir parçası olub. Yaxşı olardı ki, 2020-ci ildən bölgədə yeni reallıqlar ilə üzləşən siyasətçilər tarixə bir daha nəzər salsınlar. Ən nəhayət, Azərbaycan təkbaşına Ermənistan Respublikasının ordusunu darmadağın edərək Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Hazırda regionumuz və qonşularımız üçün sabit Qafqaz vacib sayılmalıdır. Kommunikasiyaların açılması, qayıdışın reallaşması bölgədə möhkəm sülh və dayanıqlı inkişaf üçün vacibdir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması prosesi olduğu kimi, Zəngəzurun da tarixi reallığa qayıtması bölgənin çiçəklənməsinə xidmət edəcək".