Lakin bunun layihədə necə əks olunması ilə bağlı fikir ayrılığının mövcudluğu aydın görünür
“Analitikin fikrincə, əsas ehtimal qaçqınların - Qərbi azərbaycanlıların qayıdışı və ermənilərin yenidən Qarabağa yerləşməsidir. İrəvan bu iki məsələ arasında bərabərlik qoyur”
Ermənistan baş naziri Nikol Paşinyan sülh sazişi layihəsinin 13 maddəsi və preambulasının razılaşdırıldığını bildirir. Baş nazir qeyd edir ki, “iki cümlədən ibarət 3 maddə qismən razılaşdırılıb, həmin maddələrdəki cümlələrdən biri də razılaşdırılıb, digəri yox”. Razılaşdırılmayan 3 maddənin nədən ibarət olduğu rəsmi şəkildə açıqlanmır. Ekspertlərə görə, bununla bağlı müəyən təxminlər irəli sürmək mümkündür. Mümkündür ki, həmin maddələrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyası və normativ-hüquqi aktlarının dəyişdirilməsidir. Ola bilsin, Ermənistan Azərbaycana qarşı adekvat tələblə çıxış edir, yaxud daxili qanunvericiliyin layihəyə salınmasını istəmir. Hələ iyun ayında Ermənistan XİN bəyan etmişdi ki, sülh sazişi layihəsində “tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz” müddəası var, buna görə Konstitusiya məsələsi bura aid edilməməlidir.
Siyasi şərhçi Asif Nərimanlı da düşünür ki, razılaşdırılmayan maddələrdən biri bu ola bilər. Onun sözlərinə görə, istisna deyil ki, “tərəflərdən heç biri öz daxili qanunlarına müraciət edə bilməz” cümləsi razılaşdırılsa da, “Konstitusiya və normativ-hüquqi aktların dəyişdirilməsi” qeydinin bura daxil edilməsi müzakirə edilir:
"Digər məsələ sərhədin delimitasiyasının hansı prinsiplərlə aparılmasıdır. Delimitasiya prosesi sülh sazişinin imzalanmasından sonraya saxlanılıb. Lakin bunun layihədə necə əks olunması ilə bağlı fikir ayrılığının mövcudluğu aydın görünür. İrəvan "delimitasiyanın Almatı bəyannaməsinə uyğun aparılması" prinsipinin layihədə əks olunmasını istəyir və bundan gələcəkdə istinad nöqtəsi kimi istifadə etməyi planlaşdırır. Rəsmi Bakı əvvəlcə layihədə delimitasiya ilə bağlı heç bir qeydin yer almasını istəmirdi, lakin 19 aprel razılaşmasından sonra vəziyyət dəyişdi. Razılaşmaya görə, delimitasiyada əsas baza prinsipi kimi Almatı bəyannaməsi götürülüb. Lakin qeyd olunur ki, gələcəkdə dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq. Bu o deməkdir ki, Bakı delimitasiyada baza prinsipinin sülh sazişində əksini tapmasına nail olmalıdır. Əks təqdirdə, baza prinsipi Almatı bəyannaməsi olaraq qalacaq. Mümkündür ki, rəsmi Bakı sülh sazişi layihəsində bu prinsipi dəyişmək, SSRİ dövrünün xəritələrinin əsas götürülməsi qeydini daxil etmək istəyir. Kommunikasiya məsələsi də müəmmalıdır. Tərəflər arasında əsas ziddiyyətli məsələ kommunikasiyanın hansı prinsiplərlə açılması idi. Qarşılıqlı razılaşma ilə bu bənd sülh sazişi layihəsindən çıxarıldı. Bu halda razılaşdırılmayan bəndlə bağlı əsas və əlavə olmaqla iki ehtimal qalır".
Analitikin fikrincə, əsas ehtimal qaçqınların - Qərbi azərbaycanlıların qayıdışı və emənilərin yenidən Qarabağa yerləşməsidir: "İrəvan bu iki məsələ arasında bərabərlik qoyur. Hərçənd azərbaycanlılardan fərqli olaraq, ermənilər beynəlxalq hüquqa əsasən qaçqın statusuna malik deyillər. Bu məsələnin hər iki tərəf üçün əlavə çağırışlar yaradacağı fonunda onun sülh sazişi layihəsinə daxil edilməsinə münasibət “soyuq” ola bilər. Üçüncü bəndlə bağlı daha az ehtimal olunan versiyalardan biri də Minsk qrupunun de-yure buraxılması ilə bağlı ola bilər. Bu, Bakıya lazımdır, çünki bu qrupun de-yure mövcudluğu bölgədə maraqları olan tərəflərin gələcəkdə “dayaq nöqtəsi”nə çevrilə bilər. Məsələnin layihəyə salınması belə bir perspektivin qarşısını alacaq. Ermənistan regionda şərtlərin dəyişməsi və Azərbaycana qarşı təsir rıçağı əldə etmək ümidi ilə bu məsələdə maraqlı deyil. Bu ehtimal zəif görünsə də, istisna edilməməlidir. Ermənistan tərəfi razılaşdırılmayan bəndləri saxlamaqla sülh sazişi layihəsinin imzalanmasını istəyir. Bununla həm konstitusiya məsələsini arxa plana keçirə, həm delimitasiya prosesində istədiyi baza prinsipini qoruya, həm də razılaşdırılmayan üçüncü bəndi təxirə sala bilər. Azərbaycan isə regionda sülhün davamlı və uzunmüddətli olması üçün “menyu” yox, “paket həll” variantından çıxış edir".