Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub
Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Bu barədə açıqlamanı Qazaxıstanın paytaxtı Astanada yerləşən Türk Akademiyası yayıb. Bildirilib ki, sentyabrın 9-11-də Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası keçirilib. Açıqlamada TDT-yə üzv ölkələrdən ibarət Türk Dünyası Birgə Əlifba Komissiyası üzvlərinin iştirak etdiyi iclasın uğurla başa çatdığı vurğulanıb. İclasın əsas məqsədi ortaq əlifba üzrə işləri yekunlaşdırmaq olub. Bu sahədə əldə edilən məlumatlardan və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün əlifba layihəsi elan edilib. 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Məlumata görə, əlifba ilə bağlı ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən təşəbbüs irəli sürülüb. Latın əlifbası əsasında Ortaq Türk Əlifbası layihəsinin hərtərəfli nəzərdən keçirildiyi və komissiya üzvlərinin bu əlifba layihəsində hazırlanması lazım olan məsələlərlə bağlı uyğun qərarlar verildiyi vurğulanıb. Açıqlamda aşağıdakılar qeyd edilir: “Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir". Bildirilib ki, əlifba türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edir.
Araşdırmaçı-jurnalist, siyasi şərhçi Bəybala Mirzəyev deyib ki, Bakı Ortaq Türk Əlifbasının beşiyi hesab olunur:
"Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib. Ortaq Türk Əlifbasının qəbul edilməsi ilə bağlı yekun qərar Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısında veriləcək. Bütün Türk dünyası üçün xeyirli-uğurlu olsun! Burada önəmli olan daha bir məqamı da diqqətinizə çatdırım ki, 98 il bundan öncə Ortaq Türk Əlifbası ilə bağlı ilk müzakirələr də məhz Bakıda baş tutmuşdu. 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda keçirilən Türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi Birinci Türkoloji Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Bu mənada Bakı Ortaq Türk Əlifbasının beşiyi hesab olunur".