Baş nazirin uğursuz gedişinin kökündə müəyyən məqamlar dayanır
"Azərbaycanın bunu qəbul etməməsi təbiidir. Hətta 16 bəndin 15-i belə razılaşdırılsa, sadəcə, 1 mühüm məsələnin qalması, sazişdə yer almaması ortadakı sənədin imzalanmasını qeyri-mümkün edəcək”
Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. XİN rəsmisi qeyd edib ki, Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. Vurğulanıb ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt Konstitusiya və digər sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır: "Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə, bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil". Həmçinin A.Hacızadə bəyan edib ki, Ermənistan tərəfinin "sülh sazişində daxili qanunvericiliyə istinad edilməməsi" iddiası tamamilə əsassızdır: "Heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Almatı bəyannaməsi çərçivəsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə baş nazirin açıqlamasına gəldikdə, baş nazirin təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik. Kommunikasiyaların açılması məsələsində də Ermənistan baş naziri növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb". Nazirlik rəsmisi vurğulayıb ki, hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil: "Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub".
Politoloq Abutalıb Səmədov "Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişində yer alan 16 bəndin 13-nün tam razılaşdırıldığını, 3 bənddə isə qismən razılıq olduğunu deyir.
Ekspert vurğulayıb ki, İrəvan hökumətinin başçısı bunun yetərli olduğunu düşünür və təklif edir ki, əldəki razılaşmalara dayanaraq sülh imzalansın: "Azərbaycanın bunu qəbul etməməsi təbiidir. Hətta 16 bəndin 15-i belə razılaşdırılsa, sadəcə, 1 mühüm məsələnin qalması, sazişdə yer almaması ortadakı sənədin imzalanmasını qeyri-mümkün edəcək. Azərbaycanın mövqeyi odur ki, qalıcı sülhü təmin edəcək sənəd imzalansın. Güman edirəm ki, İrəvan konstruktiv yanaşma sərgiləyərsə, yerdə qalan 3 bəndi də qısa müddətdə razılaşdırmaq olar. Ancaq konstitusiya ilə bağlı dəyişiklik mütləq həllini tapmalıdır. Erməni tərəfinin iddia etdiyi ki, preambulanın dəyişdirilməsi üçün referenduma getməyə ehtiyac yoxdur. Bunu parlament üçdə iki səs çoxluğu ilə reallaşdıra bilər. Ermənistan konstitusiyasının 202-ci maddəsində referenduma çıxarılacaq maddələrin siyahısı var və preambula orada yoxdur. Paşinyanın rəhbərlik etdiyi partiyanın parlamentə üçdə iki səs çoxluğu var. 107 yerdən 71-i hakim partiya təmsilçisidir. Yəni istək olsa, Ermənistan Bakının tələbini rahatlıqla yerinə yetirə bilər. Mübahisəli məsələləri qısa müddətdə həll edib sülh sazişini imzalamaq olar".
Siyasi şərhçinin qənaətincə, Paşinyanın natamam sülh sazişi sənədini imzalamaqla bağlı israrının kökündə müəyyən məqamlar dayanır: "Baş nazir yaxşı bilir ki, Azərbaycan yarımçıq sənədə imza atmayacaq. Bu da Ermənistana özünü "sülhpərvər tərəf" kimi göstərməyə imkan verəcək. Guya, əslində, İrəvan hökuməti sülh istəyən, hətta bunda israr edən tərəfdir, Azərbaycan isə buna yaxın durmur. Ancaq bu, qeyri-konstruktiv və uğursuz gedişdir. Qərb ölkələri də Ermənistanın niyyətini başa düşməli və İrəvan hakimiyyətinə zəruri təlimatlar verməlidirlər ki, yaxın aylarda sülh sazişini imzalamaq mümkün olsun. Paşinyanın özünü "sülhsevər" şəxs kimi göstərmə cəhdləri də nəticəsiz qalacaq. Təxribatlardan, pozucu fəaliyyətindən və ikiüzlü siyasətdən əl çəkmədən normal dövlətə çevrilmək, regional əməkdaşlıq qurmaq mümkün olmayacaq".