100 manat ağır cərimədir

Lakin bu nə polisin, nə də vətəndaşın günahıdır

Sərt karantin rejimi müddətinin bitməsinə sayılı günlər qalıb. Bir aya yaxındır ki, ölkədə bu rejim tətbiq olunub. İnsanlar sərtləşdirilmiş karantin rejiminin qaydalarına çox ciddi əməl edir. Bunun nəticəsində  yoluxma sayının kəskin surətdə azalması müşahidə olunur. Vətəndaşların bir qismi özünün və yaxınlarının sağlamlığını düşündüyü üçün qaydalara riayət edir. Digərləri isə məhz ciblərini fikirləşdiyinə görə tətbiq olunmuş qayda-qanunlara əməl etməyə çalışır. 

Karantin rejimi müddətində ölkəmizdə  polis və vətəndaşlar arasında cərimələrə görə narazılıqlar baş verir. İnsanlar əsassız yerə cərimə olunduğunu iddia edir və bununla bağlı etirazlarını sosial şəbəkələrdə  bildirirlər. Lakin məsələni yenidən araşdırdıqda vətəndaşın öz səhvi ucbatından cəzalandırılması aydın olur. 

Tanınmış hüquqşünas Adəm Məmmədov isə "Şərq"ə deyib ki, bu məsələ insanın birbaşa vicdanı ilə bağlıdır və asanlıqla tənzimlənə bilməyəcək. Hüquqşünas narazılıq hallarının digər səbəbini isə hazırkı dövrdə vətəndaşların maddi durumunun pis olması ilə əlaqələndirib:

"Pandemiya dövründə insanların maddi durumu qaydasında deyil. Vəziyyət o yerdədir ki, 100 manat cərimə  onların taleyində mühüm rol oynayır. Sosial problemlərin ucbatından polis və vətəndaşlar arasında bəzi narazılıqlar yaşanır. Lakin bu çətin dövrdə polislərimizin bizim üçün qatlaşdığı əziyyətlərin sayı-hesabı yoxdur. Həmin məsələ nə polisin, nə də vətəndaşın  günahı deyil.

İşi bu yerə gətirib çıxaran səbəb sosial problemlərin həddən artıq olmasıdır. Normal maaş alan insanın 100-200 manat cərimə olunması ona çox da zərər vurmur. Amma heç bir yerdə işləməyən, ailəsinə çörək almaq üçün pulu olmayan şəxsin birdən-birə 100 manat cərimə olunması onun psixoloji durumuna mənfi təsir göstərir.

Nəticədə isə öz etirazını hansısa sosial şəbəkədə ifadə edir. Düşünürəm ki, belə olan halda polisin də vətəndaşı qınaması düzgün deyil". 

Aytac Ali