Pandemiya gəncliyi “vurdu”

Bu təbəqə həm ailələri, həm də öz gələcəkləri üçün narahatdır

Fərqanə Mehmanqızı: "Araşdırmadan görünür ki, gənclər daha çox distant təhsildən və evə qapanmalardan rahatsız olurlar"


BMT Əhali Fondunun dəstəyi ilə gerçəkləşdirilən “COVİD-19” Pandemiyası Dövründə Gənclərin pozitiv vəziyyəti Araşdırması”na görə, “distant təhsillə öyrənə bilmədiklərini” söyləyən gənclərin pandemiya dövründə psixoloji gərginliyə  məruz qalma faizi də yüksəlib. Nəicələrə görə gənclər həm ailələri, həm də öz gələcəkləri üçün narahatdırlar. Dünyada olduğu kimi Türkiyədə də pandemiya dövrü 18-30 yaş arasındakı təqribən 13 milyon gəncə mənfi təsirini göstərib. Xüsusilə təhsil və məşğulluq sahəsində. 6 ay davam edən və 1000 gənci əhatə edən araşdırma Ankara Universitetinin dosenti, doktor Tülin Şəkər tərəfindən aparılıb.

Araşdırma nəticəsində məlum olub ki, pandemiyanın səbəb olduğu stress və gələcəyə yönəlik narahatlıq gəncləri həm fiziki, həm də psixoloji baxımdan mənfi təsirə məruz qoyub. Araşdırmaya qatılan gənclərin 71 faizi ailə üzvlərinin və dostlarının sağlamlığı ilə bağlı əndişəli olduqlarını, 56 faizi şəxsi səhhətləri ilə bağlı daha az narahatlıq keçirdiklərini bildiriblər. 74 faiz alış-verişə və küçəyə çıxmağa çəkindiklərini, 47 faiz yuxu rejiminin pozulduğunu bildirib. Araşdırma məktəbə, təhsil müəssisəsinə və ya işə getməməyin gənclərə mənfi təsir etdiyini, dostlarla əlaqələrin onlara rahatlıq vermədiyini, xoş təəssürat buraxmadığını və iqtisadi durumla bağlı da problem yaşadıqlarını göstərib. Gənclərin təxminən yarısı pandemiya dövründə özlərini narahat hiss etdiklərini, 40 faizi  isə əksinə, evdə qalıb, doğmalarla vaxt keçirmənin onlara müsbət təsir buraxdığını deyib. Araşdırmaya qatılan gənclərin böyük əksəriyyəti “Uzaqdan tədris çətindir” deyərək distant təhsillə yetərli bilgi ala bilmədiklərini, bu tədris formasının onlarda motivasiya yaratmadığını və distant təhsili faydalı hesab etmədiklərini bildiriblər. Səbəblərsə, təxminən bizdə - Azərbaycanda olduğu kimidir; internet-elektrikin tez-tez kəsilməsi səbəbiylə dərslərin pozulması, motivasiya itkisi, müəllimlərin də yaşadıqları çətinliklər səbəbiylə dərslərdə davamlı iştirak edə bilməmələridir. 
Gənclərin 26,6 faizi pandemiya dövründə iş yerini itirdiklərini deyib. Bəziləri isə məcburən işdən uzaqlaşdırıldıqlarını, bəziləri ödənişli iş saatlarının azaldığını deyib, 18-24 yaş arası gənclərinsə iş yerlərini daha çox itirdikləri məlum olub. Pandemiya dövründə gənclərin 33,18 faizinin şiddətə məruz qaldığı da məlum olub. Halbuki, pandemiyadan öncə bu göstərici 26,45 faiz idi. Ailədaxili şiddətə daha çox qadınların və 18-24 yaş arası gənclərin məruz qaldığı bəlli olub.  Gənclər depressiv vəziyyətlə daha çox üzləşiblər. Psixoloji problemləri artıb. 

“Enerjim getdikcə azaldı, yaşama sevincim tükənmə nöqtəsində, Təhsil, tədris həyatıma çox böyük mənfi təsir etdi, faydasız keçən onlayn dərslərsə sadəcə, vaxt itkisidir”, “davamlı olaraq evdəyəm, özümü daha yaxşı tanıdım, qidalanmam pozulub, psixoloji problemlərim artıb”, “iki il idi psixoloji vəziyyətimi düzəltməyə çalışırdım, amma daha da pozuldu, iqtisadi asılılığa düşdüm, 1 ildir yaşamadığım panik-ataklar geri döndü”, “psixoloji olaraq çox gərginəm, bu, fiziki rahatsızlığıma da təsir edir, yaşadığım şəhəri və yaşam tərzimi buraxıb başqa şəhərə köçmüşəm”, “sosial həyatım dayanıb, gündəlik həyat anlayışım qalmayıb, hər günüm eynidir, çünki. Tibb tələbəsi olaraq praktik dərslərin keçilməməsi nəzəri biliklərə olan marağımı azaldıb”, “özüm, ailəm, yaxın qohumlarımızda “COVİD-19” pozitiv çıxdı, babamı da itirdim. “COVİD-pozitiv” mərhələsində və sonrakı mərhələdə də ruh düşkünlüyü davam edir, panik-ataklar, əsəb krizi psixoloji durumumda dərin iz buraxır” – bunlar anket sorğularına bəzi gənclərin verdikləri cavablardır. 



Azərbaycanlı psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında bu tip araşdırmaları problemlərin öyrənilməsində vacib olduğunu dedi: 

-  Yaxşı olardı ki, bizdə də belə araşdırmalar aparılardı. Bu, pandemiyadan sonrakı dövrdə problemlərin həllinə kömək edə bilər. Araşdırmadan görünür ki, gənclər daha çox distant təhsildən və evə qapanmalardan rahatsız olurlar. Bu da tamamilə gözləniləndir. Baxmayaraq ki, distant təhsil dünyada var, bəzi özəl təhsil müəssisələri tədrisin bu formasından artıq çoxdandır istifadə edir, təhsillə bağlı hələ də “təhsil parta arxasında olmalıdır”, yanaşması daha üstün mövqedədir. Halbuki bu, səhv yanaşmadır. Distant təhsili sevdirməyən şərtlər oldu. İnternetə əlçatmazlıq, dərslərin keyfiyyətinin aşağı olması, gənclərin də iddia etdiyi kimi biliklərin əldə olunmasının çətinliyi və sair. Əslində isə problemləri yaradan problemlərə baxışlarımızdır. Bir çox hallarda isə valideynlər yaradır bu problemləri. Konkret distant təhsillə bağlı deyim ki, valideyn övladı ilə birlikdə kompüter arxasında əyləşir, “sən niyə cavab vermədin, niyə o biri şagird səni qabaqladı, qələmin niyə yerə düşdü...” Halbuki, bu kimi hallarla şagird məktəbdə də qarşılaşır, amma orada heç kim ona nəzarət etmir, qınamır. Valideynsə evdə şagirdi gözümçıxdıya salır. Nəticədə onlayn dərs şagirdə işgəncə kimi görünür. O cümlədən də tələbə gənclər. Niyə gənclər sosial şəbəkədə kimlərləsə dost ola bilir, yazışır, fikir bildirir, rəy yazır, amma distant təhsili sevmirlər? Onlayn, onlayndır. Olmasın sosial şəbəkə, olsun internet üzərindən təhsilalma. Gənclər onlayn dərsləri yetərincə keyfiyyətli hesab etmirsə, bunun günahı tədris müəssisəsindədi. Deməli, tədris müəssisəsi onlayn dərlsərin keyfiyyətli tədrisini təşkil edə bilməyib. Psixoloji gərginliklərsə pandemiya dövründə qaçılmazdır. Əsas səbəb də karantin qaydaları, tətbiq edilən məhdudiyyətlərdir. Evə qapanmalar, gənclərin dostları ilə alışdıqları formada görüşə bilməməsi, sərbəstliklərinin azalması psixoloji travmalara gətirib çıxarır.

İnsanlar heç cür vəziyyətlə barışmaq istəmirlər, “niyə evə qapadılmşıq, günahımız nədir, nəyin cəzasını çəkirik” kimi sualları beyinlərində daşıyırlar. İnsanın ən çox qorxduğu məhdudiyyətlərdir. Biz Şərq ölkəsi olduğumuz üçün buna avropalılardan, amerikalılardan daha həssas və anlayışlı yanaşırıq.

Avropada, Amerikada isə insanlar indiyədək hədsiz sərbəst olduqları üçün, heç bir məhdudiyyətlə qarşılaşmadıqları üçün bu vəziyyət onları hövsələdən çıxarır. Avropalılar da, amerikalılar da zamanlarının böyük hissəsini adətən evdən kənarda keçirirlər. İş yeri, gəzinti, kafe, restoranda qidalanma. Bizim əhali evə daha çox bağlı olduğu üçün məhdudiyyətlərə o qədər də aqressiv yanaşmır. Gənclərsə istisnadır. Gənclər bir-biriylə daha çox ünsiyyətdə olurdular, gəzintiyə çıxırdılar, xüsusən tələbələr aktiv həyat tərzi keçirirdi, bir-birilə görüşür, söhbətləşir, vaxtlarını keçirirdilər. Əlbəttə, pandemiyanın gətirdiyi məhdudiyyətlərlə barışmaq bu baxımdan onlar üçün çətindir. 

F.Mehmanqızı bildirdi ki, pandemiya sonrası psixoloqlara ehtiyac daha da artacaq:

- Hazırda psixoloqlara müraciətlər var. Lakin pandemiya sonrası psixoloji yardımlara ehtiyac olacaq. Psixoloji yardım üçün “Qaynar xətt” yaradılıb. Problem bundadır ki, bu haqda topluma məlumat çatdırılması lazımi səviyyədə deyil. Bu işin piarı düzgün qurulmayıb. Nə qədər adam məlumatlıdır bu “Qaynar xətt” barədə? Bəlkə çox az insan. Amma bu iş elə bir səviyyədə aparılmalıdır ki, cəmiyyət ondan xəbərdar olsun və psixoloji dəstəyə ehtiyacı olduğu anda yardım üçün müraciət edə bilsin. Məncə, Təhsil Nazirliyi də məktəblərdə, ali təhsil müəssisələrində şagird və tələbələrə psixoloji dəstək göstərilməsi üçün layihələr işləməlidir. Bu məsələ ilə aktiv şəkildə məşğul olmalıdırlar.