“Azərbaycan mətbuatının köhnə kişilərindən olan , " Respublika " qəzetinin baş redaktoru , " Füyuzat " jurnallnln təsisçi və baş redaktoru , Cənubi Azərbaycan ədəbiyyatının və Nəriman Nərimanov irsinin kamil tədqiqatçısı professor Teymur Əhmədov dünyasını dəyişib.
"Azərbaycan " nəşriyyatında ocaq qonşumuz, ağsaqqalımız olan bu mötəbər insan xatirələrdə gözəl obraz olaraq qalacaq”.
Bu barədə “Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı öz Feysbuk profilində yazıb. Baş yazar qeyd edib ki, prinsipial , mərd , həyat eşqi ilə yazıb - yaradan Teymur müəllim xeyirxah insan, yorulmaz tədqiqatçı və əsl ağsaqqal idi:
“Bir sıra dəyərli əsərləri, tövsiyyələri, ağayana duruşu bizlərə yadigar qaldı. Mənə bəzən elə gəlirdi ki , Teymur müəllim ötən əsrin əvvəllərinin maarifçilərinin davamçısı, yol yoldaşı , məsləkdaşlarının ən sonuncu nümayəndələrindəndir. Ruhun şad olsun, böyük insan. Hər dəfə nəşriyyatın 7 - ci mərtəbəsində gözlərim Sizi axtaracaq , "dədə , gəl bir çay iç" , "nə araşdırırsan " , "kitabı niyə gətirmədin" kimi bəzən nəvaziş, bəzən ərklə etdiyin tənqidlərin qulaqlarımda səslənəcək”.