Şəhidə dil uzadanı küçə süpürməyə cəlb etmək olardı

Sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında nalayiq ifadələr yazan şəxs döyülüb. Hazırda cəmiyyətdə ən çox müzakirə edilən məhz bu hadisədir. Sözsüz, bütün şəhidlər baş tacımızdır. Amma Xudayarı xalqa sevdirən gülərüz çöhrəsi və “Vətən yaxşıdır” mahnısını həzin ifası oldu. Bununla şəhid Xudayar qəlblərdə özünə taxt qurdu.

İndi isə şəhidə dil uzadılmasını cəmiyyət qəbul etmədi. Məlumdur ki, Fuad Rəsulzadə adlı gənc bir müddət öncə tvitter sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır”, adlı status yazıb. Bu sözlər sosial şəbəkədə kəskin etirazla qarşılanıb.

Sonra isə bir qrup gənc həmin adamı taparaq döyüb. F.Rəsulzadənin bir neçə nəfər tərəfindən təhqiramiz şəkildə döyülməsini əks etdirən video sosial şəbəkələrdə paylaşılıb. Onu kimlərin döydüyü məlum deyil. Şəhidlə bağlı qəbuledilməz paylaşıma yol vermiş şəxslə bağlı cəmiyyətdəki haqlı narazılığı nəzərə alan Daxili İşlər Nazirliyi də sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar. “Videogörüntülərdən məlumatlıyıq. Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.


Yaxınları hadisə bağlı ilə sosial şəbəkədə bildiriblər ki, Fuad möhkəm döyülüb, başına 4 tikiş qoyulub. O, ilkin həkim müayinəsindən keçib, xoşbəxtlikdən daxili orqanlarında ciddi zədə yoxdur, amma özü hələ ki, danışa bilmir.

Fuad Rəsulzadənin yaxınlarının sözlərinə görə, hücum edənlər bunun Xudayar Yusifzadə ilə bağlı statusla əlaqəli olduğunu bildiriblər. 
F.Rəsulzadənin efirlərdə tez-tez göründüyü də məlumdur (təəccüblü deyil – red.). Bəzən aktyor, bəzən qiraətçi kimi. O, ARB TV-də şeirlərini səsləndirib, SPACE TV-də “El bizim, sir bizim” proqramında qonaq olub. Bundan başqa o, “Hekayəm var”, “Stand up” şousunda aktyor kimi də səhnə alıb. 



Baş vermiş hadisə barədə fikirlərini “Şərq”ə bildirən sosioloq Elçin Bayramlı qeyd etdi ki, Azərbaycan hüquqi dövlətdir, eyni zamanda milli-mənəvi dəyərlərə yüksək sayğı göstərilən ölkədir: 

- Biz hüquqi dövlətdə, həm də həssas cəmiyyətdə yaşayırıq. Azərbaycanda milli-mənəvi dəyərlərə həmişə hörmət olub. Şəhidlər bizim üçün əzizdir, toxunulmazdır. Xüsusilə hazırkı həssas məqamda şəhidlər, qazilər barədə xoşagəlməz ifadələr işlətmək, paylaşımlar etmək, məqsədəuyğun deyil və təbii ki, cəmiyyətdə qıcıq yaradır. Bu, bütün cəmiyyətlərdə belədir. Fikir azadlığı verilir, insanın fikrini sərbəst ifadə etməsi hüququ var, lakin məsələ milli dəyərlərdirsə, ehtiyatlı olmaq və cəmiyyətdə qıcıq yarada biləcək hallara yol verilməməlidir. Fiziki təzyiqin əleyhinəyəm. Hər bir hərəkət qanunla cəzalanmalıdır. Milli-mənəvi dəyərlərin təhqir edilməsinə qarşı xüsusi qanun olmalıdır.

Bəzən görürük, tarixi şəxsiyyətlər təhqir olunur, dövlət atributlarına sayğısızlıq nümayiş olunur. Bu kimi halların qarşısının alınması üçün müvafiq qanunvericilik bazası olmalıdır ki, hüquqi əsas formalaşsın.

Milli dəyərlərə hörmətsizlik edənlərlə bağlı müxətlif cəza metodlarından istifadə etmək olar. İnzibati cəzalar da mümkündür, cərimələr də. Hətta ictimai qınaq anlaşılsın deyə, belə şəxsləri ictimai işlərə, məsələn, küçə süpürməyə cəlb etmək olar. Amma ağır fiziki təzyiq, zor tətbiq etmək olmamalıdır. Əlbəttə, anlaşılandır ki, şəhidlərlə bağlı belə bir paylaşım təpki ilə qarşılanıb.

Amma yaxşı olardı ki, onlar sosial şəbəkədə sərt cavab verəydilər. Qınaq bildirəydilər. Bu adam qəsdən etməyibsə, bəlkə əməlindən peşman olardı. Yox əgər, eyni hərəkəti yenə təkrarlayacaqdısa, deməli, psixi problemi var. Ümumiyyətlə, cəmiyyətdə etiraza səbəb olan hallar xüsusi orqanlar tərəfindən araşdırılmalıdır; bilərəkdənmi edilib, bunu edənin psixi problemi varmı, bəlkə kimlərsə təhrik edib onu və sair. Belə şəxslər cəzalanmalıdır, lakin bunu qanun etməlidir, camaat yox.