Sosioloqdan deputata: “Onu bu statusa layiq bilən milləti təhqir etməməlidir”

“Facebookda 5000 dostum var.  Əziz dostlarım! Mənim paylaşmalarıma kim münasibət bildirmək istəmirsə tərk etsin dostluğu.  Bunu etməyən şəxsi vicdansız hesab edirəm. Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəm. Dostluq üçün çoxsaylı müraciətlər var...Əks təqdirdə inciməyin, özüm dostluqdan çıxaracam”.

 Millət vəkili, təhsil eksperti Etibar Əliyevin dünən sosial şəbəkə hesabında yazdığı bu sözlər birmənalı qarşılanmayıb. 

Bəziləri deputata haqq verib, bəziləri isə onu kəskin tənqid və hətta təhqir ediblər. Əlbəttə, sakitcə, necə deyərlər, dinməz-söyləməz parlamentarinin dostluğunu tərk edənlər də olub...Amma əsas məsələ bu deyil. Əsas məsələ odur ki, elm adamı, millət vəkili niyə üzünü belə görmədiyi insanları “vicdansız” adlandırsın və nə üçün bəzi istifadəçilər “qarışqadan fil düzəltsinlər”?.

 Sosioloq Sahib Altay bu barədə “Sherg.az”a danışdı. Onun fikrincə, parlementariyə heç bir halda haqq vermək olmaz: 

“Belə bir statusu siravi şəxs yazsa, bu qədər ajiotaj yaranmayacaqdı. Doğrudur, hər kəs sosial şəbəkədə, öz şəxsi hesabında istədiyini yaza bilər. Hətta mən də bu fikirdəyəm ki, paylaşımlara reaksiya bildirməyənlər dostluğu tərk etməlidirlər. Lakin belə bir addım deputata, ictimai adama yaraşmır. Millət vəkili onu bu statusa layiq bilən milləti təhqir etməməlidir! Sözügedən status, çox güman, məqsədli şəkildə yazılıb. İnsanlar adətən bu yolla auditoriyanı qıcıqlandırmaq və gündəmə gəlmək istəyirlər. Və ya, ola bilsin, vəzifədə o qədər çox qalıblar ki, özlərini həddindən çox lazımlı, faydalı hesab edir və daim diqqət mərkəzində qalacaqlarını düşünürlər. Dediyim kimi, problem onun yanaşmasında, fikrində yox, statusuna yaraşmayan ritorika ilə çıxış etməsindədir”.