Birgə hərbi təlimlər: “Müxtəlif ssenarilər üzrə ciddi tapşırıqlar..."


Mayın 24-də Türkiyənin Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq. Təlim iyunun 4-dək davam edəcək.

 Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında təlimlərin əhəmiyyətini belə qiymətləndirdi: “

”Anatolian Phoenix” təlimləri hər iki ildən bir keçirilir. Bu dəfəki  təlimlərdə nə qədər şəxsi heyətlə iştirak etməyimiz dəqiq məlum deyil. Amma ötən dəfə təlimlərdə dörd hərbi helikopter və 60-a yaxın şəxsi heyətlə təmsil olunmuşduq. Təlimlər axtarış-əməliyyat sahəsində birgə əməkdaşlığı nəzərdə tutur. Adətən helikopter ekipajları və axtarış-xilasetmə qruplarının iştirakı ilə müxtəlif ssenarilər üzrə ciddi tapşırıqlar icra edilir. Xilasetmə tədbirləri hər şəraitdə aparıla bilər. Yəni təlimlər istənilən halda ordumuzun potensialının artırılmasına yönəlib”.