Professor Hüseyn Xəlilov vəfat edib

Görkəmli geomorfoloq alim, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Hüseyn Ağamalı oğlu Xəlilov ömrünün 79-cü ilində vəfat edib.

AMEA-dan APA-ya verilən məlumata görə, H.A.Xəlilov 1942-ci il oktyabrın 27-də Fizuli rayonunun Hünküklü kəndində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geoloji coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib, təyinatla Qazaxıstana göndərilib. Şimali-Qazaxıstan geofiziki ekspedisiyasında baş texnik-geoloq vəzifəsində işləyib və oradan da hərbi xidmətə çağırılıb.

1968-1969-cu illərdə Azərbaycanda Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasında geoloq vəzifəsində çalışıb. 1969-cu ildən başlayaraq Azərbaycan EA Coğrafiya İnstitutunun geomorfologiya şöbəsində kiçik elmi işçi, elmi işçi vəzifələrində, 1991-1994-cü illərdə Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası bölməsində işləyıb, 1994-ildən geomorfologiya şöbəsində tətbiqi geomorfologiya qrupuna rəhbərlik edib. 1997–2004-cü illərdə «Azərbaycan Ensiklopediyası» NPB-də əvəzçiliklə «Coğrafiya qrupunun» rəhbəri, 2004–2009-cu illərdə isə AMEA «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzində «Coğrafiya, geologiya, geofizika, ətraf mühit və ekologiya» redaksiyasının müdiri vəzifəsində çalışıb. 2015-ci ildən ömrünün sonunadək “Geomorfologiya və təbii risklər” şöbəsinin müdiri olub.

O, respublikada yüksək ixtisaslı kadr hazırlığına da töhfə verib. Onun rəhbərliyi altında 2 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 6 nəfər doktorant dissertasiya işini başa çatdırmış, 8 nəfər isə dissertasiya üzrə işini davam etdirir. Qonşu İran İslam Respublikasının coğrafiya üzrə gənc kadrların yetişməsində də Hüseyn müəllimin xeyli xidmətləri olub.

Hüseyn müəllimin əziz xatirəsi İnstitut əməkdaşlarının və onu sevənlərin xatirəsində daima yaşayacaq.

Allah rəhmət eləsin!