“YAŞAT” Marafonu xeyirxah məqsədlərə xidmət edir”

“Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız “YAŞAT” Fonduna maliyyə dəstəyi göstərəcəklər”

“Nəticədə həmin maliyyə vəsaiti şəhid ailələri və qazilərimizə böyük dəstək olacaq”



Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək.
Marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək  “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.
Marafonda bütün dünya azərbaycanlıları “Birlikdə Yaşadaq” şüarı altında birləşərək, qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək  olacaq, onların xoş xatirələrini yada salacaqlar.



Millər vəkili Elman Məmmədov “YAŞAT” Marafonunun keçirilməsini “Sherg.az”a dəyərləndirib:

“Hər birimiz “YAŞAT” Fondu yaradıldığı gündən bu prosesi yüksək qiymətləndirdik. Hamı gücü çatan səviyyədə fonda maliyyə yardımını göndərir və bu proses yenə də davam edir.

Təbii ki, fondun yaradılması çox nəcib bir təşəbbüsdür və olduqca lazımlı idi. “YAŞAT” Fondu hər zaman kifayət qədər güclü və müəyyən imkanlara malik olmalıdır.

Fondun yarandığı dövrdən bu günə qədər fəaliyyəti göz qabağındadır. Şəhid ailələrimizə, qazilərimizə, ehtiyacı olan hərbçilərimizə köməklik edilir, yüksək səviyyədə təbliğat işləri aparılır. 

“YAŞAT” Marafonunun da keçirilməsi olduqca müsbət dəyərləndirilməlidir. Çünki Marafonun təşkili xeyirxah məqsədlərə xidmət edir.

Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız “YAŞAT” Fonduna maliyyə dəstəyi göstərəcəklər. Nəticədə həmin maliyyə vəsaiti şəhid ailələri və qazilərimizə böyük dəstək olacaq”.