"Arxaya körpü" edin... - Kənan Novruzov yazır

Cüdoçulara yaxşı tanış olan bir epizod var: bəzən rəqiblərdən biri digərinə qarşı "saxlama"("aseykome") fəndi tətbiq edir. Bir qolu ilə boyununu tutur və çarpaz formada bütün ağırlığını rəqibin üstünə salır. Əgər iyirmi saniyə ərzində idmançı həmin fənddən çıxa bilməsə, məğlub hesab olunur. Ona görə də ürəyində saniyələri sayır və sözün əsl mənasında vurnuxur. Hər şey edir- gah sağa çevrilir, gah sola. Gah də rəqibin ayağını öz ayaqları arasına almağa cəhd edir. Amma nəticəsiz qalır. Hər kiçik cəhddən sonra üzərindəki rəqib daha çox təzyiq göstərir. Beləliklə, fəndə düşən rəqib yorulur və bəzən vaxt tamam olduqdan sonra heç tatamidən qalxmağa da taqət tapmır. 
 Hərçənd çox asan yol var: sadəcə "arxaya körpü" etmək kifayətdir ki, vəziyyət düzəlsin. İdmançı əksər hallarda bunu bilir. Amma təhlükə ilə üzləşdiyinə, məğlubiyyəti hiss etdiyinə görə soyuqqanlı düşünə bilmir. 
 Təəssüf ki, həyatda da analoji hallarla qarşılaşırıq. Rahatımız pozulan kimi, azca çətinə düşən kimi vurnuxmağa, necə deyərlər, özümüzdən Amerika kəşf edib, "Evrika!" söyləməyə çalışırıq. Nə hacət?! Əlbəttə, ehtiyac yoxdur- nə yorulmağa, nə çırpınmağa, nə də zamanın əleyhimizə işləməyinə imkan verməyə. Ən əsası isə mövcud durumu qəlizləşdirməyə ehtiyac yoxdur. Hər situasiyada mütləq ideal bir çıxış yolu var. Və adətən biz nə etmək lazım olduğunu çox yaxşı bilirik. Di gəl, "qəhrəmanlıq eşqinə" düşürük. Və olanlar olur...
 Ona görə də soyuqqanlılığı itirmək edəcəyimiz ən sonuncu hərəkət olmalıdır. Həmişə məntiqə emosiyadan daha çox yer verməli, sağlam düşüncənin keçici hisslərə qalib gəlməsinə imkan verməməliyik.