Sığınacağa yerləşdirilib

Antisanitariya vəziyyətində yaşayan uşaqlar qurtulub

4 azyaşlının anasından alınması ilə bağlı qərarı yerli icra hakimiyyəti verəcək


Mediada və sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində 4 azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə yayılmış məlumatla bağlı Baş Prokurorluq araşdırma aparıb. Baş Prokurorluğun məlumatında bildirilir ki, qeyd edilən məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmaqla müəyyən edilib ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşayıblar.

Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub. Baş Prokurorluq qeyd edir ki, nəticə barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. 

Uşaqların taleyi ilə bağlı “Şərq”ə danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, hazırda onlar birliyin sığınacağındadırlar:
 
- Biz o uşaqları ötən həftə sığınacağa yerləşdirmişik. 1-7 yaş arası uşaqlardr. Vəziyyətləri yaxşı deyildi. Baxımsız qalmışdılar. Artıq müdafiə altındadırlar, sığınacaqda onlara bütün lazımi köməklik, yardım göstərilib. 

K.Ağazadə uşaqların anasıyla bağlı hansı qərar veriləcəyinin yerli icra hakimiyyətinin qərarından asılı olacağını deyib: 

- Valideynlə bağlı icra hakimiyyəti sərəncam verməlidir. Uşaqlar anadan alınsın, yoxsa yox. Burda mübahisəli məsələlər var. Yaxın qohumların da vəziyyəti araşdırılmalıdır ki, onlar uşaqlara sahib çıxmaq iqtidarındadırlarmı? Belə vəziyyətlərdə adətən uşaqlar öncə uşaq müəssisəsinə yerləşdirilir. Sonra isə yaxın qohumlara – nənə, baba, əmi, dayı, xala, bibi... müraciət edilir. Əgər onlar uşaqlara sahib çıxmaq istəyirlərsə, rəsmi müraciət edirlər.

K.Ağazadə qeyd edib ki, uşaqların anasıyla bağlı hazırda iş aparılır. Qadının zərərli vərdişlərdən xilas olması üçün xüsusi tibbi müəssisəyə yerləşdirilməsi nəzərdə tutulur.