Bakıda elə bir tıxac yarandı ki...

Nəqliyyat Agentliyi də "başını götürüb qaçmaq" istədi

Elməddin Muradlı: "Problem "Formula 1" yarışları təşkilatçılarının səhlənkarlığından qaynaqlanır"


Təkcə dünən deyil, vaxtaşırı paytaxt küçələrində tıxaclar yaranır. Hamı bundan əziyyət çəkir. İctimai nəqliyyatla hərəkət edənlər də o cümlədən. Amma etiraf edək ki, avtobusda 1 saatlıq məsafəni tıxac səbəbindən 2 saata, hətta daha artıq müddətə qət etmək əsl məşəqqətdir. Dünən də paytaxtda növbəti yol məşəqqəti yaşanırdı. Günün ikinci yarısı isə Bakı Nəqliyyat Agentliyi yollarda yarannmış tıxacla bağlı açıqlama yaydı. Və şəhərdə səhər saatlarında müşahidə olunan tıxacın səbəblərinə aydınlıq gətirdi.

BNA-nın məlumatında bildirilir ki, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib. Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti - Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanıb. “Azneft” dairəsi istiqamətində isə yol daralıb. Nəticədə qeyd olunan hissədə «butulka effekti» yaranıb.

Bu səbəbdən də səhər saatlarından Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfərov, A.Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb:

“Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir". Deməli, günahkar BNA deyilmiş. Bəs kim imiş?



“Avtosfer.az” saytının baş redaktoru  Elməddin Muradlı “Şərq”ə açıqlamasında qeyd edib ki, problem "Formula 1" yarışları təşkilatçılarının səhlənkarlığından qaynaqlanır: 

- "Formula 1" yarışlarının keçirilməsiylə bağlı trek təyin edilib və hazırda bu trekin təşkil edilməsi prosesi aparılır. Yəni yollar yarış trekinə uyğunlaşdırıldığından, avtomobillərin, ictimai nəqliyyatın hərəkət marşrutu dəyişir. Amma bu aidiyyəti qurumlara əvvəlcədən xəbər verilməlidir ki, onlar da hərəkəti yeni sxemə uyğunlaşdırsınlar. Məlumdur ki, nəqliyyatın hərəkətinə cavabdehlik daşıyan qurum ilk növbədə Dövlət Yol Polisi və həmçinin də BNA-dır. Yarış təşkilatçıları yoldakı dəyişikliklə bağlı bu qurumları məlumatlandırmırsa, deməli, özbaşınalıq edirlər və məsuliyyətsiz adamlardır. Özlərini yolun “ağası” hesab edirlər. Nəticədə milyonlarla insan əziyyət çəkir. Narazılıq yaranır. 

E.Muradlı qeyd edib ki, iyunun 4-dən "Formula 1" yarışlarına start verilir.

Və iyun ayının 1-dən 8-dək əksər mərkəzi küçə və prospektlərdə avtomobillərin, eləcə də ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülər alternativ yollardan istifadə etməli olacaq. Sürücülər indidən buna hazır olsunlar.