Professor Nizami Xudiyevi xatırladı:“...Dəyərlərə sadiq adam idi” 

AzTV-nin keçmiş sədri, filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib. Bu barədə onun qardaşı Azər Xudiyev məlumat verib. O bildirib ki, bir müddət əvvəl koronavirusdan sağalan N. Xudiyev dünən dünyasını dəyişib. Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatı, 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləyib. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olub. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı olub.



BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında Nizami Xudiyevin yüksək insani keyfiyyətlərindən danışdı: 

“O, uzun müddət elmi fəaliyyətlə məşğul olub. Televiziya adamı olmasa da, dağıdıcı yox, yaradıcı insan idi. Radioda tədris verilişi yaratmışdı. Məhz onun sədrliyi dövründə AzTV-də türkçülük ideologiyasını təbliğ edən proqramların sayı çoxaldı, ədəbi irsə diqqət artdı.

Nizami Xudiyevin yaxşı idarəçilik qabiliyyəti var idi, insanları qiymətləndirməyi, potensiallarını müəyyənləşdirməyi bacarırdı. İlk dövrlərində fəaliyyətini tənqid edirdim, amma nəyi demək istədiyimi bilirdi və razılaşırdı.

Ümumiyyətlə, Nizami müəllim geniş düşüncəli adam idi. İdarəçiliyinin sonuna yaxın özü hiss etməsə də, yaxın ətrafındakı bəzi şəxslər ona qarşı təxribat xarakterli addımlar atmışdı.

Nizami müəllim keçmiş sədr Arif Alışanovdan fərqli olaraq dəyərlərə sadiq adam idi. Yaddaşlarda müsbət xarakterli, parlaq adam kimi qalıb. Allah rəhmət eləsin!”.