“YAŞAT” marafonu həmrəyliyə çağırışdır”

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək.
Marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək  “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.

Marafonda bütün dünya azərbaycanlıları “Birlikdə Yaşadaq” şüarı altında birləşərək, qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək  olacaq, onların xoş xatirələrini yada salacaqlar.



“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı “Sherg.az”a açıqlamasında marafonla bağlı fikirlərini bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ilk dəfədir ki, belə bir təşəbbüs həyata keçirilir:

“Bu günə qədər bizi Qarabağ birləşdirib. Şəhid və qazilərimizə dəstək, eyni zamanda Qarabağa dəstək deməkdir. Fikrimcə, “YAŞAT” Marafonu eyni zamanda həmrəylik marafonudur. Azərbaycan xalqı daha vətənpərvər və həmrəydir. Hesab edirəm ki, vətəndaşlarımız bu marafona qatılacaqlar”.