Təkcə sürücülər suçlu deyil...

Yenə yollardan tonlarla yüklənmiş təhlükəli yük maşınları keçir

"Bəzən şirkətlər xərcləri azaltmaq üçün deyək ki, 5 saat ərzində daşınmalı olan yükü 2 saata, ya da belə deyək, 2-3 reysə daşınmalı olan yükü, 1 reysə daşıtdırırlar sürücüyə"

İcazə veriləndən artıq miqdarda yük götürən və yolların sıradan çıxmasına səbəb olan avtomobillərin sürücüləri cərimə olunacaq. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbərdarlıq edir. AAYDA-nın məlumatında qeyd olunur ki, bəzi müşahidələrə əsasən bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur, həmçinin bəzi hallarda digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradır. Bunun qarşısını almaq məqsədilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən yoxlama tədbirləri davam etdirilir. 
Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülərin aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələrinin agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artıq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.

Əgər yuxarıda qeyd olunan hal təkrarlanarsa, həmin sürücülər barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir. Bu çərçivədə son günlər iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 30-dan çox sürücü 600 manat məbləğində cərimə olunub.

Nəzərə çatdırılır ki, ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdiriləcək.



Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında qeyd edib ki, məsələ qanunvericiliyin tələbləri əsasında tənzimlənməlidir: 

- Ağırtonnajlı avtomobillərə şəhərdaxili yollarda da, magistral yollarda rast gəlinir. Bu cür avtomobillər təkcə yolları sıradan çıxarmır, mühəndis konstruksiyaları zədələmir, həmçinin intensiv hərəkət yollarında sıxlığın və tıxacların yaranmasına da səbəb olur. Amma məsələ burasındadır ki, şəhərdə aparılan tikintilər zamanı ağırtonnajlı avtomobillərsiz iş görmək mümkün deyil.

Dövlət sifarişli işlər var ki, onlar zamanında başa çatdırılmalıdır və buna görə də ağırtonnajlı, xüsusi təyinatlı texnikanın, eləcə də yük maşınlarının əraziyə cəlb edilməsi zərurətə çevrilir. Yəqin siz də görmüsünüz ki, bəzi yollarda, yamaclarda xüsusi nişanlar qoyulub – günün hansı hissəsində, hansı saat aralığında ərazidən hansı çəkidə yük maşınları keçə bilər. Bəzən 3, bəzən 5 ton ağırlığı qeyd edilir.

Deməli, həmin yolların ağırlığı bu yükə hesablanır.

Eləcə də yollar təmir edilərkən hansı ağırlıqda daşıma qabiliyyətinin olması da müəyyən edilir. İriqabaritli, ağır çəkili avtomobillərə bu ölçüyə əsasən icazə verilir. Hər məsələdə sürücünü günahkar bilmək də doğru deyil. Sürücü konkret bir müəssisə üçün, şirkət üçün çalışır. Bəlkə də sürücüyə norma təyin edirlər ki, bu qədər yükü daşımalısan. Bəzən şirkətlər xərcləri azaltmaq üçün deyək ki, 5 saat ərzində daşınmalı olan yükü 2 saata, ya da belə deyək, 2-3 reysə daşınmalı olan yükü, 1 reysə daşıtdırırlar sürücüyə. Sürücü də məcbur olur, maşını normadan artıq yükləməyə. Bu məsələlərdə, hesab edirəm ki, təkcə sürücülər deyil, çalışdıqları müəssisə, şirkət də inzibati cəzalara cəlb edilməli, cərimə olunmalıdır.