Metronun qənşərindəki cinayətə səssiz qalıblar


AQTA üzərinə düşən vəzifəni yerinə yetirmir

Pandemiyaya baxmayaraq ayaq altda, zibil qutusunun üstündə şıdırğı alver gedir


Pandemiya şəraitinin əsas şərti təmizliyə riayət, gigiyena qaydalarına əməl etməkdir. Kimsə bunun əksini iddia edə bilərmi?! Oxucumuz suala yəqin ki, “yox” cavabı verəcək. Bəs əgər desək ki, əksini düşünənlər, hətta daha da irəli gedib bunu gündəlik fəaliyyətlərində nümayiş etdirənlər var, onda necə, inanarsınız? İnanmağınız üçün metronun “Nəriman Nərimanov” stansiyasının qarşısında, avtobus dayanacağının tam da arxasında meyvə satışının təşkilini sübut edən fotonu təqdim edirik. Neçə gündür ki, bu ərazidə küçə ticarəti gerçəkləşir. Satıcı piştaxtanı avtrobus dayanacağına bitişik yerləşdirib. Ərazidə bir tərəfdə tikinti gedir, dönərxana, başqa mağazalar da var. Bir tərəfdən də bu meyvə bazarı onsuz da dar olan küçəni lap daraldıb və insanların normal hərəkətinin qarşısı alınıb.

Bunların üzərindən bəlkə də keçmək olardı; satıcı tərəzini Hacıbala Abutalıbovdan miras qalmış dəmir zibil qutusunun üstünə qoymasaydı. Təəccüblənməyin. Nə artıq, nə də əskik, bəli, tərəzi tam zibil qutusunun üstündədi. Satıcı gilasdan bir ovuc alır, sonra çiyələkdən bir ovuc alır, yaxınlaşır zibil qutulu tərəziyə, çəkir, qayıdır müştərini yola salır.

Birincisi, ən böyük günah müştəridədir ki, bu cür antisanitar şəraitdə alış-veriş edir. Aşkar virus, bakteriya mənbəyi olan yerdə bazar açılmasına etiraz edən də yoxdur. İnsanlar piştaxtanın qarşısından o tərəf bu tərəfə keçir, satıcı isə zibil qutusunun üstünə yerləşdirdiyi tərəzidə alverlə məşğuldur.

Oxşar görüntülərə paytaxtın bir çox ərazilərində rast gəlmək mümkündür. Satıcılar çox vaxt meyvə-tərəvəzi yerə, asfalta sərdikləri polietilen örtüklərin üzərinə töküb alver edirlər. Metrostansiyaların qarşısında bu adət etdiyimiz mənzərədir.

“Neftçilər”, “Xalqlar Dostluğu” metrostansiyalarının qarşısı axşam saatlarında meyvə-tərəvəz zibilliyini xatırladır. Əksər hallarda da piştaxtalar zibil yeşiklərinə yaxın yerləşdirilir. Bəlkə də çürük meyvələri atmaq daha asan olsun deyə. Ya da onlara bu yerlər satılır. Bəli, məhz satılır. Satış “toçka”larının rayon icra hakimiyyətləri tərəfindən konkret qiymətə satıldığı məlum həqiqətdir. Əraziyə nəzarət edən hüquq-mühafizə orqanı əməkdaşları da həmçinin “dolya”larını alıb kənarda müşahidə qismində dayanır. Bəzən polislərin küçə satıcılarından alveri dayandırmalarını tələb etdiyini görürük. Amma qısa müddətə. Az sonra yenə vəziyyət əvvəlki halına qayıdır. Deməli, kimsə haqqını ödəyir, ya da icra hakimiyyətlərindən məlumat gəlir ki, toxunmayın, “filankəsin” obyektidir. Belə deyilsə, niyə küçə ticarətinin kökü kəsilmir? Şəhərdə yetəri sayda bazar, yarmarka, satış mərkəzləri, irili-xırdalı marketlər, satış şəbəkələri, daha nələr, nələr olduğu halda, niyə paytaxt küçələrində bu cür biabırçılıq hökm sürməlidir? Yenə ətrafda təmizlik, uyğun bir yer olsa, dərd yarıdı, əlini yelləyib keçər insan, kiminsə çörəyinə, qazancına bais olmaq istəməz. Amma daha belə yox da! Küçənin ortasında, gediş-gəliş olan yerdə ayaq altda, zibil qutusunun üstündə alverə səssiz qalmağın özü cinayətdir. 

Vəziyyətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Qaynar Xətt”inə zəng etdik. Şikayətimizi dinləyən operator xanım “küçə ticarəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlisiniz, bu məsələlərə onlar baxır”, dedi.

Deməli, yenə ötür-ötür oyunu başladı. Şəhərdə antisanitar şəraitdə aparılan satışa Qida Təhülkəsizliyi Agentliyi reaksiya verməyəcəksə, bu qurumun fəaliyyəti nədən ibarətdir, o zaman? Azad İstehlakçılar Birliyinin sədri, eyni zamanda AQTA-dakı İctimai Şuranın üzvü Eyyub Hüseynov isə “Şərq”ə açılqlamasında qurumun öz vəzifə borcunu yerinə yetirmədiyini bildirib: 

- Sizə “Qaynar Xətt”dən belə cavab verilibsə, bu o deməkdir ki, AQTA üzərinə düşən vəzifəni yerinə yetirmir, dövlət siyasətinin həyata keçirilməsinə yardım etmir. Dövlət orqanları inteqrasiya şəraitində işləməlidir. Qida Təhülkəsizliyi Agentliyinin “Qaynar Xətt”i sizdən bu məlumatı alıb hüquq-mühafizə orqanına ötürməlidir. Bu iş vətəndaşın üzərinə atılmamalıdır.

Bu, anormal haldır. Vətəndaş, fərqi yoxdur, media nümayəndəsidir, yaxud sıravi vətəndaş, zəng edib hansısa halla bağlı narazılıq bildirirsə, məlumat mütləq qeydə alınmalı və aidiyyəti quruma ötürülməlidir.

Təəssüf ki, bəzi qurumlar özləri fəaliyyət göstərməli olduqları halda, asan yol seçir və bu vəzifəni vətəndaşın üzərinə qoyurlar. 

E.Hüseynov qeyd etdi ki, küçə ticarəti paytaxtın “kor bağırsağı”dır: 

- Belə hallar çoxdur. Bir çox yerlərdə qanunsuz küçə ticarəti təşkil olunur, antisanitar, antigigiyenik şəraitdə satış həyata keçirilir. Əhali də bilmir hara, kimə, necə müraciət etsin.

Müraciət edəndə də qurumlar bir-birinin üstünə atır, vətəndaşı   ora-bura göndərir. Bu da dövlət orqanlarının bir-biriylə əlaqəli işləmədiyini göstərir.

Küçə ticarətinin əsas himayəçisi Bakı şəhər İcra Hakimiyyətidir. Uzun illərdir ki, BŞİH-nin İstehlak Bazarı və Ticarət Departamenti küçə ticarəti leqallaşdırır. Satıcılardan pul alıb, şəhərdə müxtəlif küçə və döngələrdə, metrostansiya çıxışlarında, harda gəldi, satış yerlərini onların ixtiyarına verir.

İcra hakimiyyətləri, yerli bələdiyyələr də bu prosesdə iştirak edir. Və bununla da dövlət siyasətinin əleyhinə çıxırlar. Hazırkı pandemiya şəraitində antisanitar şəraitdə küçə ticarətinə icazə vermək, buna göz yummaq, birbaşa dövlət siyasətə qarşı çıxmaqdır.