“Büyük buluşma”: “Qərb Rusiyanı neytrallaşdırmağın yeni modelini axtarır”


“Odur ki, Qərblə Rusiya arasında mümkün istiləşmə ümiddən yox, ümidsizlikdən, inamsızlıqdan irəli gəlir”

“Qərbdə bu ölkəni təxribata sürükləməyin lazım olmadığını yaxşı anlayırlar”

“Elə bu səbəbdən də görüşdə hər iki tərəfin maraqlı olduğu məsələlər müzakirə ediləcək, -  ziddiyyətlərə yox, ortaq mövzulara vurğu ediləcək”



ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüşün İsveçrənin Cenevrə şəhərində keçirilməsi gözlənilir. Bu barədə CNN telekanalı bildirib. Görüşün iyunun 15-16-da planlaşdırıldığı deyilir. Nəhayət ki, “büyük buluşma” olacaq. Bundan sonra tərəflər arasında “buzların əriyəcəyi”, yoxsa “aysberqin yaranacağı” isə hələlik sual altındadır. 

 Rusiyada yaşayan soydaşımız, jurnalist, politoloq Anar Həsənov bu barədə “Sherg.az”a danışdı: “Ağ Evdən bildiriblər ki, Putinlə görüş Co Baydenin ilk xarici səfəri çərçivəsində keçiriləcək.

Hələlik Kreml Qərb üzərində taktiki qələbələr qazanır. Kollektiv Qərb Rusiyanın ölkə daxilindəki müstəqil KİV və müxalifətlə mübarizəsinin qarşısını ala bilmir. Belə təsəvvür yaranır ki, Qərb hər şeyi vaxtın ümidinə buraxır. Məsələn,  apreldə AŞPA Rusiya ilə hədə-qorxu ritorikasına üstünlük vermişdi, amma mayın 24-25-də Avropa  Şurasının sammitində rəsmi Brüssel Rusiya ilə bağlı məruzəsini iyuna saxlamış oldu”. 

A.Həsənovun fikrincə, tərəflər arasındakı ziddiyət görüşdən sonra da davam edəcək: 

“O ki, qaldı ABŞ – Rusiya sammitinə, məncə, Kreml bundan ölkədaxili təbliğatda bəhrələnir. “İkiqütblü dünya” ideologemini istismar edən Kreml üçün ABŞ – Rusiya dialoqu Putinin ABŞ-ın qarşısını alan dövlət kimi təbliğ etməyə imkan verir. Rusiya KİV-də “Bizlə hesablaşırlar” çərçivəli fikirlərə tez-tez rast gəlmək olar. İki ölkə arasında görüş öncəsi vəziyyət  o qədər də gərgin deyil. ABŞ “Şimal axını- 2” yə qarşı sanksiyaları dondurub. Blinken və Lavrov da münasibətlərin normalaşmasına ümidli olduqlarını deyirlər.

Amma vəziyyəti Qərbin geriyə çəkilməsi kimi qiymətləndirmək də düzgün deyil.

Məncə, Qərb Rusiyanı neytrallaşdırmağın yeni modelini axtarır. Odur ki, Qərblə Rusiya arasında mümkün istiləşmə ümiddən yox, ümidsizlikdən, inamsızlıqdan irəli gəlir. Qərbdə bu ölkəni təxribata sürükləməyin lazım olmadığını yaxşı anlayırlar. Elə bu səbəbdən də görüşdə hər iki tərəfin maraqlı olduğu məsələlər müzakirə ediləcək, -  ziddiyyətlərə yox, ortaq mövzulara vurğu ediləcək. Bu görüş Rusiyanın sürətli silahlanmasının qarşısını alacaqmı? Xeyr! Bu görüşdən sonra rusiyalı oliqarxlar öz Qərb hesablarına görə rahat ola bilərlərmi?

Xeyr!  Görüş Rusiyaya qarşı sanksiyalara son qoyacaqmı? Xeyr! İyun sammiti tərəflərin qarşıdurma prinsiplərindən imtina etməsinə səbəb olmayacaq”.