Aqrar sektor rəqəmsallaşır: “Ciddi ehtiyac var idi”

“Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun rəqəmsallaşması istiqamətində növbəti addım atıb. Nazirliyin Aqroservis qurumu AgroUber rəqəmsal həllini təqdim edib”.

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 
 O, daha ətraflı “Sherg.az”a danışdı: 

“Hazırda aqrar sektorun bu tip rəqəmsal həllərə ciddi ehtiyacı var. Özüm də son illərdə intensiv və "ağıllı bağçılıq"a diqqət yetirdiyimdən  bu sektorun problemləri ilə daha yaxından tanışam. Nazirliyin indiyədək ortaya çıxardığı Elektron Kənd Təsərrüfatı İnformasiya sistemi -eAgro sistemi daha çox Nazirliyin öz daxili fəaliyyətini qurmağa, Nazirliyə effektiv qərarlar qəbul etməyə kömək edirdi. Yeri gəlmişkən, bu resursun özünün təkmilləşdirilməsinə ciddi ehtiyac var; sistemin yenilənməsi ləng aparılır, qanunvericilikdəki dəyişikliklər burada öz əksini gec tapır, bəzən müşahidə edirik ki, sistemdəki elektron müraciətdən yerli DAİM qurumların ümumiyyətlə, xəbəri olmur. Aqrar prosesin birbaşa iştirakçılarına , fermerlərə, aqrar mütəxəssislərə və işçilərə fayda verəcək rəqəmsal resurslar isə indiyədək hazırlanmamışdı. AgroUber rəqəmsal həlli isə məhz birbaşa proses iştirakçılarına yönəlib, resurs müxtəlif aqroxidmətlər üzrə fermerlər və mexanizatorlar  arasında onlayn platforma üzərindən əlaqələndirməni təmin edəcək”. 

 O.Gündüz layihəni belə qiymətləndirdi:

“Bu resursla fermer istənilən mövsümdə müvafiq  aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır. Proqram fermerin seçiminə uyğun olaraq mexanizatoru təyin edir və sifarişi formalaşdırır, fermerlərin birbaşa mexanizatorlara çıxışı təmin edilir və vahid mexanizator bazası formalaşdırılır. AgroUber-lə ilkin tanışlığımda belə qənatə gəldim ki,  resursun təkmilləşdirilməsinə, ciddi tanıtım və marketinq işlərinin təşkilinə, hər bir fermerin telefonunda bu resursun olması və datanın formalaşması üçün, rəqəmsal savadlılığın artırılması üçün Nazirliyin yerli DAİM və digər  qurumları tərəfindən dəstək tədbirlərinin aparılmasına ciddi ehtiyac var. Kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində Nazirliyin və onun digər tabeli qurumlarının atdığı addımlar təqdirə layiqdir”.