“SÖZ ATIŞMASI”: “Yəqin, bundan sonra cəmiyyətə yönəlik sərt fikirlər səsləndirməz"

Bu günlərdə millət vəkili Etibar Əliyevin Feysbuk hesabında yazdığı status böyük səs-küyə səbəb oldu. Deputat qeyd edib ki, Feysbukda olan şəxslərdən kimsə onun paylaşımlarına münasibət bildirmirsə, dostluğunu tərk etsinlər:
“Facebookda 5000 dostum var. Əziz dostlarım! Mənim paylaşmalarıma kim münasibət bildirmək istəmirsə tərk etsin dostluğu. Bunu etməyən şəxsi vicdansız hesab edirəm. Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəm. Dostluq üçün çoxsaylı müraciətlər var...Əks təqdirdə inciməyin, özüm dostluqdan çıxaracam”.

Deputatın statusu cəmiyyətdə birmənalı qarşılanmayıb, hətta sərt təpkilərə səbəb olub. İnsanların böyük əksəriyyəri bir millət vəkilinin bu cür yanaşmasını təhqir kimi qiymətləndirib.  Təhsil üzrə ekspert Elçin Əfəndi də deputatın yanaşmasının qüsurlu olduğunu yazıb.Məhz buna görə də parlament üzvü təhsil ekspertinin ünvanına hədələyici ifadələr səsləndirib.

Elçin Əfəndi baş verənlərlə bağlı “Sherg.az”a danışıb:

"Etibar Əliyev uzun müddətdir təhsil sahəsində çalışır, hətta o da təhsil üzrə ekspertdir. Millət üçün nümunəvi olmaq istəyən şəxslər danışıqlarında diqqətli olsalar, daha yaxşı olar. Hər hansı bir vətəndaşın təhqir edilib, alçaldılması yolverilməzdir. Digər tərəfdən isə bu şəxs sənin həmkarındırsa, xoşagəlməz ifadələrin səsləndirilməsi düzgün deyil. Etibar müəllim haqqında bir fikir bildirmişdim, əslində başlanğıcı o etmişdi. Feysbukda dostluğunda olan şəxsləri vicdansız adlandırmışdı. Bu statusdan sonra onu izləmədən çıxartdım. Mən heç vaxt kimisə vicdansız adlandırmaram. Xüsusilə də cəmiyyət içində toplu şəkildə belə müraciət yolverilməz idi. Bu şəxs mənim dediklərim üzərindən nəyisə əsas götürüb qərəzli bir fikir bildirmişdi. Lakin məsələ sonradan qarşılıqlı anlaşma əsasında, daha çox onun anlayışı üzərindən həllini tapdı. Çünki həmin statusu sildi və ortada olan küslülük aradan qalxdı".

E.Əfəndi millət vəkili ilə bağlı aidiyyəti orqanlara müraciət etmək istədiyini də söylədi:

"Düşünürdüm ki, mandantının əlindən alınması ilə bağlı onun haqqında müvafiq informasiyaları aidiyyəti qurumlara, həmçinin Milli Məclisin Nəzarət komitəsinə təqdim edim. Fikrimi çox qətiləşdirmişdim, hətta vəkillər və hüquqşünaslar müraciət edə biləcəyimi söyləmişdilər. Amma sonra fikrimdən daşındım. Düşündüm ki, bir müddət sonra səhvini başa düşər və yəqin  bundan sonra cəmiyyətə yönəlik sərt fikirlər səsləndirməz".