Buqələmun

Yəqin ki, hər kəs bu heyvanın adını eşidib. Onun ən unikal xüsusiyyəti düşdüyü mühitə uyğun olaraq rəngini dəyişə bilməsidir. Meşədə yaşıl olur, düzənlikdə sarı, qarda ağ...Nəticədə digər canlılardan müdafiə olunmaq məqsədilə  mövcudluğunu gizlədə bilir. Amma məsələ bunda deyil. Məsələ ondadır ki, ətrafdakılardan qorunan( ya da belə rəy yaradan) buqələmun özü digərləri üçün təhlükədir. Bu balaca heyvan şirdən,  canavardan daha qorxulu, tülküdən daha hiyləgərdir. Çünki həmin canlıların bir üzü var: necə görünürsə, elədir. Buqələmun isə, az qala, 145 sifətə malikdir. Hər dəfə səni təəccübləndirir, dəqiqədə bir cildə girir. Qəfil bir də görürsən ki, çox yaxındadır. Həddindən çox. Məsələn, aranızdan su keçməz dərəcədə...
 Daha qəribəsi isə odur ki, sən onu yaşıl biləndə sarı, qırmızı biləndə qara, sarı biləndə çəhrayı olur...Başa düşə, anlaya bilmirsən. Hansı rəngdə olduğuna yenicə  əmin olmağa başlayırsan ki, səni yenə təəccübləndirir. Dediyim kimi, cilddən- cildə, rəngdən- rəngə girir. Onun əslində hansı rəngdə olduğunu müəyyənləşdirməyə çalışırırsan. Fəqət, olmur. Bəlkə, heç zooloqlar özləri də buqələmunun hansı rəngdə olduğunu bilmirlər...Amma məlum olan bir şey var: bu canlının hərəkətlərinə görə təəccüblənmək lazım deyil. Təəccüblü digər heyvanların bunu etməsi və buqələmunun göründüyünü kimi olması olar. Çünki onun işi, əqidəsi, həyat prinsipləri elə bundan ibarətdir- cilddən- cildə, rəngdən- rəngdə girməkdən. 
*
...Bəzən elə insanlardan elə hərəkətlər görürük ki, təəccüblənirik. "Həqiqətənmi, bu odur"- deyə, öz- özümüzə sual veririk. Əlbəttə, odur. Necə deyərlər, özüdür ki, var...
P.S: Hə, buqələmunun bir xüsusiyyəti də var: ölsə də, öz rəngini göstərmir. Çünki qorxur...