Dünyadan uzaq...

Fakültəmizin qiyabi bölməsinin ikinci kursunda təhsil alan tələbə yoldaşlarımızdan biri Əsgər İsmayılov hələ iki həftə əvvəl Qubaya səfər barədə danışıb, mənim də qoşulmağımı təklif edəndə tərəddüdsüz qəbul etmişdim. Necə deyərlər, göydən düşmə olmuşdu. Çünki bu cür səfərlərin bəzən insana dərman kimi gəldiyini bilirəm...



...Beləliklə, təyin etdiyimiz vaxtda, təyin etdiyimiz yerdə görüşdük. Ünvana çatanda tanımadığım bir neçə qızı görüb rayona gedənlər arasında olduqlarını təxmin etdim. Yaxınlaşıb soruşanda “Hə, biz də gedirik” dedilər. Çox keçmədən hamı yığıldı. Səfərin təşkilatçısı, müəllimimiz Zaur Babayevlə birlikdə dekan müavinlərimizdən biri, vaxtı ilə bizə “Əski Azərbaycan yazısı” fənnini tədris edən Samir Xalidoğlu, hazırda magistrantı olduğum Gülnarə Sadıxova, Tədris-teleradio studiyasının müdiri Ramin Rzayev də buradadırlar. Gülnarə xanım məni görən kimi “Kənan, sən də gəlmisən?” deyir və növbəti sualını verir: “Necəsən, bala?”. 
Məsələ ondan ibarətdir ki, müəllimlərim istisna olmaqla səfər iştirakçılarını, demək olar, tanımıram. Sadəcə yuxarıda adını çəkdiyim Əsgər və hazırda “Rupor.az” saytının əməkdaşı olan Dildaş Yusifova ilə ünsiyyətim var. Amma bu, məni narahat etmir. Birincisi ona görə ki, hər biri “Jurnalistika fakültəsi” ailəsinin üzvüdür. İkincisi də ki, insanı yolda tanıyarlar...
...Əvvəlcədən müəyyənləşdirdiyimiz marşrut üzrə yolumuza davam etdikcə salondakı insanları müşahidə etməyə çalışıram. Kimi gülür, kimi yanındakı yoldaşı ilə söhbətləşir, kimi də maqnitofonda səslənən mahnının ritmini tutmağa çalışır. Qəfil eşidilən gülüş və alqış səsləri ilə arxaya çevrilirəm. Doğrudan da, tələbə dostlarımızın kefi yaxşıdır. Amma aralarından birinin sakitliyi diqqətimi çəkir. Necə deyərlər, nə dinir, nə də danışır. Sadəcə pəncərədən yolu izləyir və bəzən də başını qaldırıb ətrafa baxır. Öz-özümə bunun səbəbini müəyyənləşdirməyə çalışıram.
Hərdənbir etirazlar yaranır- bəziləri səslənən mahnı ilə razılaşmır və dəyişilməsini tələb edirlər. Təəccüblənmirəm. Bütün səfərlərdə belə olur. Kimisi ritmik, kimisi də həzin mahnı axtarır...
Ön cərgədə əyləşən tələbələr dərslərdən, xüsusilə müsahibə janrından danışırlar. İnternet Forumunun prezidenti Osman Gündüzün adını eşidirəm. Deyəsən, aralarından biri ondan müsahibə almaq istəyir. Çox güman, Osman müəllimin həm də fakültəmizdə dərs dediyini hələ bilmirlər və gələcəkdə tanıyacaqlar.
Sumqayıtda bir tələbə yoldaşımız da bizə qoşulur. Vaxt itirmədən yolumuza davam edirik. Mahnılar bir-birini əvəz edir, Bakıdan sürətlə uzaqlaşırıq. Bir neçə dəfə çönüb arxaya baxıram. Həmin tələbə digərlərindən fərqli olaraq, yenə də nə zarafatlara, nə də mahnıya əhəmiyyət verir.
Bakı- Quba yolunun müəyyən hissəsində avtobusdan düşürük. Zaur müəllim ət alır. Biz də ətrafda gəzişir, bayaqdan bəri oturmaqdan “yorulmuş” ayaqlarımızı “dincəldirik”. Cəmi bir neçə nəfərin üzündə tibbi maska var. Bəlkə də, o qədər qayğısızıq ki, belə bir problem(qlobal və çox kiçik) kimsənin yadına düşmür. Yerli polis əməkdaşları isə sanki hardansa, necəsə xəbər tutublarmışlar kimi xidməti maşınları ilə yaxınlaşır və profilaktik söhbət edirlər. Bəzi yoldaşlar yaxınlıqdakı marketə gedir, su, meyvə, şirniyyat alırlar.



Təxminən 15 dəqiqədən sonra avtobusa minirik. Tələbələrdən biri onunla yerimizi dəyişməyimizi xahiş edir. Razılaşıram. Bir müddətdən sonra məsələnin nə yerdə olduğunu anlayıram və həmin oğlanla qıza ürəyimdə xoşbəxtlik arzulayıram.
Zaur müəllim tez-tez maraqlı zarafatlar edir. Ümumiyyətlə, o, xarakter etibarı ilə şən və zarafatcıl adamdır. Təsadüfi deyil ki, tələbələr belə səfərlərə adətən məhz onunla getməyə üstünlük verirlər. Özünün dediyi kimi, bu cür qeyri-rəsmi günlərdə biz müəllim-tələbə yox, dost, həmkar oluruq. Rusların məşhur misalını xatırlamaq yerinə düşər: drujba drujba, slujba slujba...
...Səslənən  “Gözlərim gəzir səni...” mahnısının sözləri salonu bürüyür. Elə bu an hər kəs bir ağızdan oxumağa başlayır: “Sən asiman, mən dəniz, ayrılmışıq niyə biz?”. Açıq pəncərələrdən gələn xəfif külək ovqatımızı bir az da yaxşılaşdırır.
Əsgər telefonun “qeyd dəftərçəsində” səfərlə bağlı qeydlərini yazır, arada mənə göstərir. Oxuyuram. Xeyli maraqlı müşahidələri var.
...Növbə məşhur və mərhum reper Hüseyn Dəryanın “Kef elə” repinə çatanda qeyri-iradi üzümə təbəssüm qonur. Bilmirəm niyə, amma həmişə çox sevmişəm bu repi. Bəlkə də, elə sözlərinə görədir: “Nə qədər ki, varsan, nə qədər ki, sağsan, kef elə...”.
Növbəti dayanacağımız Qubanın girişi olur. Bir neçə tələbə Zaur müəllimlə birlikdə bazara gedir. Biz isə çay içmək məqsədilə yaxınlıqdakı kafelərin birinə daxil oluruq. Obyekt sahibi karantin qaydalarına əməl etmək məqsədilə sosial məsafəni qorumağımızı xahiş edir. Odur ki, üç-üç, dörd-dörd fərqli masalar arxasında oturmalı oluruq. Çox keçmədən 13-14 yaşlı bir oğlan uşağı bizə yaxınlaşır və nə istədiyimizi soruşur. Bir çaynik çay gətirməyini xahiş edirik. Yoldaşlarımızdan birinin dediyi kimi, qanunpərəst “müdir” niyə bu yaşda uşağı işlədir?! Bu ki, əmək məcəlləsinə ziddir.
İyirmi dəqiqədən sonra yolumuza davam edirik. Dolanbac yollarla Qubaya tələsirik. Bayaq marketə girən yoldaşlar  aldıqları meyvəni, konfeti hər kəsə paylayırlar. Sağ olsunlar, mənə də təklif edirlər.
Qubadakı tanış ünvana çatanda vaxt itirmədən yükləri boşaldırıq. Ətrafda xeyli insan var. Onlar da istirahətə gəliblər. Əlbəttə, təəccüblü deyil. Qubanın əsrarəngiz təbiəti və təmiz havası burada doyunca istirahət etmək üçün zəmin yaradır. Yoldaşlar foto çəkirlər. Zaur müəllim işə başlayır, əti hazırlayır.
Özümüzlə top da gətirmişik. Samir müəllim, Ramin müəllim, Əsgər, daha dörd tələbə və mən futbol oynamağa gedirik. Maraqlı keçir. Təqribən yarım saatdan sonra hər birimiz yoruluruq. Əlbəttə, isti hava da öz sözünü deyir. Qayıdanda Zaur müəllim, Gülnarə xanım, Dilşad və başqalarının ciddi işlədiklərini görürük. Əti duzlayır, salat hazırlayırlar.
Sevimli müəllimlərimizdən olan Könül xanımdan- Könül Niftəliyevadan mesaj gəlir. Redaktoru olduğu “Jurnalist”in növbəti nömrəsinin “Şərq”in daxilində çıxmasını istəyir. Nostalji hisslər yaşayıram. Həmin qəzetin üzərində bir vaxtlar necə həvəslə işlədiyimiziz yadıma düşür... Xatırlayıram ki, Qubaya bir dəfə də Könül xanımın rəhbərliyi altında gəlmişdik. İndi onun da yanımızda olması ürəyimdən keçir.
Telefonumu çıxarıb ətrafı çəkir, maraqlı kadrlar tutmağa çalışıram. Zaur müəllim mənə baxır. Yəqin ki, ürəyindən “Smartfonu düz tut”, “İşığa fikir ver” demək keçir. Axı o, həm də fotojurnalistika mütəxəssisidir.
Saatlar ötdükcə aclığımız artır. Hətta bəzi uşaqlar “Sözü zarafatla deyərlər” prinsipinə əsasən zarafat etməyə başlayırlar. Kimsə “Pomidor-yumurta istəyirəm” deyir. Elə bu sözlə indi oxucularla bölüşmək istəmədiyim bir vədi xatırlayıram...
Müəllimlər pandemiya şəraitində dərslərin təşkilindən danışırlar. Onlar kimi mən də ümid edirəm ki, sentyabr ayından etibarən universitetə, doğma auditoriyalara qayıda biləcəyik.
Nəhayət, dördün yarısında yemək masası arxasına otururuq. Süfrədə hər şey var...Söhbətlər zamanı məlum olur ki, demə, tələbələrdən birinin valideynlərindən biri yəhudi imiş. Azərbaycanla İsrail arasındakı dostluq münasibətlərindən danışıram, tanınmış hüquqşünas və politoloq Mixail Finkeldən iki-üç müsahibə aldığımı deyirəm.
Qırx dəqiqə-bir saatdan sonra yemək masası arxasından qalxır, qabları, çəngəl-bıçaqları yığmağa başlayırıq. Ramin müəllimlə söhbətləşirik. Televiziya kanallarındakı durumu müzakirə edirik, mənə peşəkarlıq meyarlarından danışır və sanki yenə dərs keçir. Foto çəkməyi xahiş etdiyim aşağı kurs tələbəsinə məni belə təqdim edir: “Studiyamızdakı “İdmançı” verilişinin aparıcısı olub”.
Müəllim və tələbələr bu dəfə voleybol oynayırlar. Kənardan onları seyr edir, gəzirəm.
...Zaman sürətlə keçir. Lap, az qala, arxasınca atlı qaçırmış kimi...
...Yığışmağa qərar verib avtobusa minirik. Hərə öz yerini tutur. Çoxumuz yorulmuşuq. Mahnı sədaları və pəncərədən əsən külək isə daha çox yuxu gətirir.  Gözümün yumulduğunu hiss edirəm. Bu vaxt video çəkən yoldaşlardan biri “Yatma” deyir. Təbəssümlə cavab verirəm: “Yatmaram”.
...Avrobus sürətlə irəliləyir.


Yolüstü çay içirik. Nədənsə söz düşür və müəllimlərlə birlikdə siyasi durumları müzakirə etməyə başlayırıq. Yəni hətta bu gün də siyasətsiz keçmir...
Yarım saatdan sonra  geri qayıdırıq. Bir tələbə ona qızılgül dərməyimi xahiş edir. Əlimi uzadanda tikanlı olduğunu görürəm. Amma, həqiqətən, gözəldir. Yəqin, özü nə qədər gözəl, ətri nə qədər məstedicidirsə, tikanı da bir o qədər sərtdir...Şair demiş, gülü sevən, tikanına dözməlidir...
...İtirdiyimiz enerji tədricən bərpa olunur. Bəzi yoldaşlar maşında mahnı sədaları altında oynayırlar. Elə mən özüm də arada ayağa qalxıram...
“Gənclik” metrostansiyasınadək bəziləri fərqli yerlərdə düşürlər. Qalanlarımız isə məhz həmin metrostansiyanın yanında avtobusdan enirik. Taksi şirkətlərinin birindən maşın sifariş edirəm. İki dəqiqə keçmir ki, nömrəsinin sonu “145” rəqəmi ilə bitən qara “Mersedes” qarşımda dayanır. Maqnitafonda türk ifaçılarından birinin “Dünyadan uzak...” mahnısnın sözləri eşidilir. Deyəsən, bu gün Jurnalistika fakültəsinin bir qrup müəllim-tələbə heyəti az da olsa dünyadan uzaqlaşmağı bacarmışdı. Hər halda hər birimiz daha az qayğısız idik...
P.S: Çoxunun üzünü ilk dəfə gördüyüm və bəlkə də, bundan sonra görməyəcəyim tələbələrlə səfər maraqlı, yaddaqalan, xoş xatirələrlə dolu oldu.