Əhməd Cavadın nəvəsi “Sherg.az”a SƏRT DANIŞDI: “O evin babama...”

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın ata yurdunun yararsız vəziyyətdə olması ilə bağlı məsələyə münasibət bildirib. Qurumdan verilən açıqlamaya görə, Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ə.Cavadın Ev-Muzeyi fəaliyyət göstərmir.
Məlumatda qeyd edilib:

“Kütləvi informasiya vasitələrində və sosial mediada yer alan görüntülərdə Əhməd Cavada məxsus olduğu iddia edilən obyekt Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş dövlət mühafizəsində olan tarix-memarlıq abidələrinin siyahısında yer almayıb”.

Ə.Cavadın nəvəsi Anar Axundzadə “Sherg.az”a açıqlamasında bildirib ki, sözügedən evin babasına məxsus olması barədə xəbərlər yanlışdır:

“Ə.Cavad 5 yaşında olandan o evdən çıxıb. Babamgil gedəndən sonra həmin ev başqa bir ailəyə verilib. Evin Ə.Cavada heç bir aidiyyəti yoxdur. Bu məlumatı kim özündən çıxardır, bilmirəm. Məsələni dəqiqləşdirməmiş yanlış informasiya yayırlar. Ona görə də bu xəbərlərə əhəmiyyət vermək lazım deyil. Ə.Cavadın ailəsindən olan şəxslər var. Zəng edib, onlardan soruşmamış ağıllarına nə gəldi yazırlar. 2 gündür telefonum susmaq bilmir. Yenə deyirəm, babam 5 yaşında oradan çıxıb, həmin ev heç özlərinin də olmayıb”.