Təlimlər vacibdir:“Təxribatlar olarsa...”

Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda qoşun növlərinin hərbi təlimləri davam edir. 15000 nəfərədək şəxsi heyətin iştirak etdiyi təlimlərdə 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Hərbçilərimiz bu gün Türkiyədə keçirilən növbəti təlimdə iştirak ediblər. Qardaş ölkədə “Anadolu Ankası - 2021” beynəlxalq təlimi davam edir. Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində təlimin yeni görüntüləri yerləşdirilib. Təlimlər Konya şəhərində keçirilir.

Ehtiyatda olan polkovnik Elxan Qəniyev “Sherg.az”a bildirib ki, bu cür təlimlərin keçirilməsi olduqca müsbətdir:

“Çünki belə hazırlıqlar ordumuzun döyüş qabiliyyətinin daha da gücləndirilməsinə hesablanıb. Hərbçilərimiz belə təlimlər zamanı böyük bilgilər əldə edirlər. Əvvəllər yol verdiyimiz səhvlər məhz bu təlimlər nəticəsində aradan qaldırılacaq. Məhz Türkiyədə keçirilən döyüş hazırlıqları ordumuza xüsusi güc və təcrübə qazandırır. Gələcəkdə düşmənin təxribatları olarsa, bunun qarşısını almaq üçün görülməsi lazım olan bütün tədbirlərə belə təlimlər sayəsində nail ola bilərik”.