Döyüşüb yaralanan qazilər təftiş edilir, incidilir

"Gənc yaşlarında sağlamlığını müharibədə itirmiş qazilərin indi 45-60 yaşı var. Bu insanların pensiya təminatını dayandırmaq onlara qarşı savaş açmaqdan başqa bir şey deyil"

“Həqiqətən də müharibədə olmadan əlillik dərəcəsi alıb, qazi kimi pensiya alan adamlar var, bu gün onların əlilliyi ləğv edilməyib. Ancaq Qarabağda döyüşüb yaralanmış qazilərin əlilliyi ləğv olunub. Biz Qazilər Birliyi və bu yöndə olan təşkilatlar Sahil Babayevlə görüş istədik, üzərindən 3 ay keçib, görüş hələ baş tutmayıb”. Bu sözləri Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi Rey Kərimoğlu feysbuk hesabında paylaşıb. Qazinin statusuna geniş reaksiya olduğundan məsələni bir daha dəqiqləşdirmək ehtiyacı duyduq. R.Kərimoğlu “Şərq”ə açıqlamasında problemin həlli üçün qanunverici bazanın dəyişməli olduğunu dedi:  

- Statusa yazılan cavablarda qeyd edilirdi ki, əlilliyin təyinatında problem var. Və bunun çox az hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aiddir. Razıyam. Lakin problem böhran həddindədir artıq. Qanunverici bazada dəyişiklik edilməsə, problemin həllinə nail olunmayacaq. Bunu dəfələrlə demişik ki, bizim – təşkilatımızın Sahil Babayevlə normal münasibəti olub. Və çalışmışıq bu belə də qalsın, amma nazirliyin rəsmilərinin fəaliyyəti, qaldırdığımz bütün məsələlərin qulaqardına verilməsi, nazirlə müharibə yönümlü təşkilatların vaxtında görüşə bilməməsi vəziyyəti get-gedə kəskinləşdirir. Allah daha pisindən saxlasın. Biz əvvəldən də demişik ki, müharibədə olmaya-olmaya müəyyən adamlar sənədlərini saxtalaşdıraraq Qarabağ əlili statusu alıb. Onların heç birinə Sahil Babayev dəyməyib, əvəzində döyüşüb, yaralanan Qazilər təftiş edilir, incidilir. Bu da qəbuledilməzdir. Qaldırdığımız məsələnin əsas kökü də Müdafiə Nazirliyindədir. Onlar isə kənarda qalıb. Bunu BMM də nazir Sahil Babayevlə ilk görüşümüzdə də demişik. Amma həm nazir, həm Fazil Talıbov başqa şeylərdən danışır. Söhbət qənaətdən gedirsə, ən böyük qənaəti dediyimiz yerlərdə etmək olar. Bu gün Sahil Babayevi həqiqət və ədalət uğrunda mübariz kimi təqdim edirlər. Bu da çox yanlışdır. Çünki onun bu doğru olmayan fəaliyyəti ancaq Qaziləri dövlətdən narazı salır. Sanki qəsdən edir. 

Gənc yaşlarında sağlamlığını müharibədə itirmiş qazilərin indi 45-60 yaşı var. Bu insanların pensiya təminatını dayandırmaq onlara qarşı savaş açmaqdan başqa bir şey deyil. Əgər sağlam olsaydılar polisdə, hərbidə, başqa sahələrdə çalışıb indi rahat şəkildə həyatlarına davam edərdilər. Yanvar ayından təqaüdü kəsilən qazilərimiz var. Onlar hansı vəsaitlə dolanmalıdır, ailələrini necə saxlamalıdır? İndi iyun ayıdır, amma təqaüdlər bərpa olunmayıb. Bəs bu insanlar necə, nəylə yaşasın? 

R.Kərimoğlu bir daha vurğuladı ki, son zamanlar sosial şəbəkələrdə və mediada “Qarabağ qaziləri” Birliyi adından istifadə edirlər. Belə adamlarla QQİB-nin heç bir əlaqəsi yoxdur: 

- Müəyyən bir qrup insanlar var ki, onlar öz şəxsi mənafeləri üçün "Qarabağ qaziləri" İctimai Birliyi adından istifadə edərək, qeyri-qanuni yolla idarə və təşkilatlara təzyiqlər göstərir, xoşagəlməz hadisələr törədirlər. Bu kimi halları, qanunsuzluqları pisləyirik. Əldə etdiyimiz məlumatlara görə, ayrı-ayrı təşkilat rəhbərləri özlərini "Qarabağ qaziləri" İctimai Birliyinin “sədri” və ya “səlahiyyətli nümayəndəsi” kimi təqdim edir. "Qarabağ qaziləri" İctimai Birliyi rəsmən bəyan edir ki, bu qanunsuz hərəkətləri törədənlərin "Qarabağ qaziləri" İctimai Birliyinə heç bir aidiyyəti yoxdur. "Qarabağ qaziləri" Birliyinin sədri Qarabağ qazisi  Asəf Əliyevdir. Onun rəhbərliyi altında "Qarabağ qaziləri" Birliyi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirmiş müharibə əlillərinin sosial-iqtisadi vəziyyətini, maddi rifahlarının yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində çalışan ictimai təşkilatdır. Və bu istiqamətdə də öz fəaliyyətini davam etdirir.