15 yaşlı qız ana oldu! – “Burda da bir məcburiyyət olduğu mütləqdir”

Ağcabədidə 15 yaşlı qız ana olub. 2006-cı il təvəllüdlü Səbinə Hüseynova Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında övladını dünyaya gətirib.
S.Hüsyenovanın nənəsi Şərəf Hüseynova hadisə barədə deyib ki, Səbinə ilə həyat yoldaşı, 24 yaşlı Sadiq Cəfərov bir-birilərini seviblər. Yəni ailələr arasındakı razılaşma belə olub ki,  xalaoğlu ilə xalaqızın evləndirsinlər:


“Hərisini xalası oğluna vermişdik ki, 18 yaşa çatanda evləndirərik. 18 yaş toy etmək məqamı idi o vaxtlar... Sonra Səbinənin xalası, yəni Sadiqin anası rəhmətə getdi. Üç kişi qaldı evdə yaman günə. Xalasının uşaqlarının və yoldaşının çörəyini-çayını verən olmadı, paltarını yuyan olmadı. Səbinə də dedi, gedirəm onlara baxmağa. Onlar ac qalırlar. Uşaq gördü, xalası uşaqlarının vəziyyəti pisdir, evləndilər
Qız öz könlü ilə gedib. Yəni burada başqa bir problem ola bilməz. Sonra da uşağa qaldı. Mən də çox fikirləşdim, gördüm, çıxış yolu yoxdur. Neyləyə bilərdim?”.

Bir sözlə, Səbinə xalasının həyat yoldaşı və uşaqlarına mərhəmət etməsi səbəbindən uşaq yaşında ana olub. Daha bir erkən nikah, təhsildən yayınma, uşaq yaşda ailə, ər, övlad kimi qayğılara sürüklənən yeniyetmə qız. Ən təəssüfləndirici məqam isə budur ki, erkən yaşda bu qədər yük çox zaman bədbəxt sonluqla nəticələnir.

Hadisə barədə “Sherg.az”a danışan jurnalist, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai bildirib ki, qızın könüllü şəkildə ərə gedib ana olması görüntüsü yaradılsa da, bu, inandırıcı deyil:

“Çox vaxt olduğu kimi, burda da bir məcburiyyət olduğu mütləqdir. Sadəcə, valideynlər məsuliyyətdən yayınmaq üçün belə bir yalana əl atırlar. Ümumiyyətlə, 14-15 yaşlı qız uşağı özü də düşüncəsizlik edib ailə qurmaq istəsə belə, burda valideyn məsuliyyət daşıyır.  Çünki o, uşaq-yeniyetmə hesab olunur və uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. 15 yaşında qızın ərə getməsi, ana olması onun həm fiziki-mənəvi inkişafına, həm də psixi sağlamlığına xələl gətirir ki, valideynlərin də öz hüquqlarından istifadə edərək buna yol verməsi qanunaziddir. Nikah yaşına çatmayan şəxsin evləndirilməsi qanunsuzdur və şəxsi nikaha məcbur edən şəxsləri qanunla cəza gözləyir. Məsələ burasındadır ki, bizdə ailə-məişət məsələlərində vətəndaş qanundan, hüquqdan çəkinmir. Çünki bizim cəmiyyətdə mental dəyərlər hüquq sistemini üstələyir və qanunvericiliyin özündə də bu mənada boşluqlar var”.

S.Fədai qeyd edib ki, erkən nikah problemi özündə tarixi ənənələrin yükünü daşıyır:

“Bu ənənəni dəyişmək üçün valideynlərin düşüncə tərzinin dəyişməsi, dünyagörüşünün formalaşması istiqamətində ciddi işlər görmək lazımdır. Onlar erkən nikahın fəsadlarından, acı nəticələrindən dərs çıxarmalıdırlar. Hər halda bu barədə media və sosial şəbəkələrdə kifayət qədər həyat hekayələri, faciələr var. Hələ həyat təcrübəsi olmayan, müstəqil şəkildə qərar verə bilməyən, evliliyə fiziki və psixoloji baxımdan hazır olmayan bir qızın ərə gedib, övlad dünyaya gətirməsinə heç bir sağlam düşüncəli insan razı ola bilməz. Hətta bu mənada anaların qızlarına yanaşması məni daha çox narahat edir. Çünki əksər hallarda analar qızlarını tez ərə verməyə həvəsli olurlar. Əksəriyyət elə bilir ki, qızlarını uşaq yaşda ərə verən təkcə evin kişiləridir. Ancaq araşdırmalar bir səbəbi də ortaya çıxarıb. Ailələr qızlarının əks cinslə görüşməsinə, danışmasına, bir addım da yaxınlaşmasına icazə vermir deyə onlarda oğlanlara qarşı maraq daha da şiddətlənir. Qızlar da bu marağını ancaq erkən yaşda ərə getməklə, qoşulub qaçmaqla öldürə bilirlər. Bu qadağaları da qoyan çox vaxt yenə analar olur: "Adına söz gələr", "Biz sizin vaxtınızda belə eləyirdik", "Qapıdan ayağını çölə qoysan, ayaqlarını qıraram", "Atan bilsə, öldürər", "Səni küçədə tutub zorlayarlar..." və s. Yəni valideynlərin qızlarını cinsi təcavüz və zorakılıqdan qoruması düşüncəsi də tez ərə verməyə səbəb ola bilir.

Bütün bu fikirlər onsuz da qorxulu olan bu dünyanı onların gözündə bir az da qaraldır. Elə bilirlər ki, 15 yaşında ər qoynuna sığınanda hər şey yaxşı olacaq, heç kim onlara heç nə edə bilməyəcək. Elə bəzi valideynlər də övladının xoşbəxtliyini ancaq evləndirməkdə, ərə verməkdə görür. Ancaq ən çox problemlə qarşılaşan da elə erkən yaşda ərə gedən qızlar olur. Erkən nikah qızları təhsil almaq, inkişaf etmək və uşaqlıqlarını yaşamaq kimi təməl haqlarından məhrum edir. Erkən yaşda evlənən qızlar, adətən, məktəbə gedə bilmir və böyük ehtimalla məişət zorakılığı, təhqir və təcavüzlə üzləşirlər. Onlar hamilə qalır və cinsi yolla keçən xəstəliklərə qarşı həssas olurlar.

Digər məsələ, qız uşağı dünyaya gətirən ana vaxt itirmədən cehiz yığmağa başlayır. Ümumilikdə ailə, qohum-əqrəba onu psixoloji olaraq ancaq ərə getməyə hazırlayır, onda ancaq gəlin olmaq təsəvvürü yaradır.

Belə olanda qızda başqa bir dünyagörüş formalaşmır, başqa arzu-xəyal yaranmır. Məsələn, o, yaxşı bir mütəxəssis olmaq barədə, uğur qazanmaq, cəmiyyətdə öz yerini tutmaq barədə düşünmür. Sağlam mühitdə yetişməəyən bir qızı bu düşüncələrdən ayırmaqda məktəbin, müəllimlərin üzərinə böyük düşür. İnanıram ki, təhsil alan, mütaliə edən, böyük hədəfləri olan insan 15 yaşında beşik yürüməyi ağlının ucundan keçirməz. O başa düşər ki, yaxşı ana olmaq, sağlam övlad böyütmək üçün də, ilk növbədə, savad almaq, inkişaf etmək lazımdır. Ümumiyyətlə, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Həmçinin, erkən nikaha daxil olan qız təhsilini başa çatdırmır, cəmiyyətdən təcrid olunur. Əksər hallarda cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.  Yəni özünü realizə edə bilmir. Erkən nikahın qurbanı olan gənc ananın mənəvi gücü də olmur, bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin yükünü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır”.

Birlik sədrinin sözlərinə görə, təhsilsiz və nikahsız gənc ananın problem cəmiyyətin probleminə çevrilir:

“Buna görə də erkən nikahın fəsadlarıyla bağlı maarifləndirmə işlərində hər kəs bacardığı qədər iştirak etməlidir. Çalışaq ki, bu, əzəli və əbədi problem olaraq qalmasın. Buna görə hüquq, təhsil sistemindəki boşluqlar aradan qalxmalıdır. Ailənin qızı yük hesab etməməsi, qızın ailəsindən iqtisadi asılılığın olmaması üçün maddir durum yaxşılaşdırılmalı, işsizlik problemi həllini tapmalıdır. Mənə görə isə, ən əsası beyinlər sağlamlaşdırılmalıdır. Çünki sağlam düşünəndə hər bir problemin öhdəsindən gəlməyə mənəvi güc və həll yolu tapmaq olur. Hətta erkən nikah savaşında valideynlərə qalib gəlmək də...”.