Nuru Paşaya şükran borcumuz: Şəhərin görkəmli bir yerində onun abidəsi qoyulmalıdır



 Bakımızın Qurtuluşu günü – 15 sentyabr ərəfəsində ən çox müzakirə olunan mövzudur Nuru Paşaya paytaxtımızda abidə qoyulması, xatirəsinin əbədiləşdirilməsi. Bu məsələ illərdir – həqiqi tariximizin üzərindən saxtakarlıq pərdəsi qaldırılandan bəri hər dəfə gündəmə gəlir, danışılır, ziyalılar, tarixə işıq tutan alimlərimiz, ictimai xadimlər tərəfindən təklif irəli sürülür, lakin reallaşması nədənsə baş tutmur.
Bakının erməni-daşnak-bolşevik ünsürlərindən təmizlənməsində aparıcı rol oynamış, ciddi təhlükələrə, təhdidlərə rəğmən ordu formalaşdırıb istiqlal yolçuluğuna həyatı bahasına çıxan bir komandana, bir şəhəri terrorçulardan azad etməklə bir cümhuriyyətə paytaxt hədiyyə etmiş şəxsə həmin şəhərdə abidə qoyulması qədər təbii və haqqa dayanan başqa nə ola bilər ki?!.

 Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Nuru Paşa Azərbaycanın istiqlal tarixində mühüm rol oynamış şəxsiyyətlərdən biridir. Özəlliklə də məhz Bakının 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olaraq rəsmiləşməsi və həmin vaxtdan etibarən Bakının paytaxt statusu qazanması birbaşa Nuru Paşanın adıyla bağlıdır:

- Zatən bunu hamımız bilirk. Bu, tarixdir. Tarixi heç kim silə bilməz, dəyişə bilməz. Nuru Paşanın komandanlığı altında Azərbaycan-Qafqaz- Osmanlı əsgərlərindən ibarət bir ordu əraziləri azad edə-edə, yolları aça-aça gəlib Bakıya çıxdı və 15 sentyabrda şəhəri azad etdi, bunun ardınca Bakı AXC-nin paytaxtı elan edildi. Bəzən Bakının azad edilməsi yanlış olaraq yalnız Osmanlı əsgərlərinin adına bağlanır. Amma bir şeyi unuduruq ki, bu ordunun adı Qafqaz-islam ordusu idi. Yəni əslində, həmin orduda yalnız osmanlı əsgərləri vuruşmurdu, həm də Azərbaycan əsgərləri vuruşurdu, həm də Quzey Qafqazdan əsgərlər vuruşurdu. Ümumiyətlə, bizim Qafqaz bölgəsinin türk əhalisinin bir qismi bu orduya qoşulmuşdu və həmin ordu da torpaqları azad edirdi. Avqustun əvvəlində Nuru Paşanın ordusundan bir heyət ayrılıb Zaqataladan üzü Dağıstana, orada torpaqları azad edə-edə üzü Qusara, oradan da Quba şəhərinə gəlib çıxmışdı. Yəni, Bakıdan əvvəl bu ərazilər azad edilmişdi. Bu ordunun tərkibində Qafqaz xalqları olublar, digər xalqların nümayəndələri də vuruşub. Ola bilsin, abidə qoyulmamasının səbəbi kimi “Bakını yalnız osmanlı ordusu xilas etdi” kimi yanlış bir mülahizənin irəli çəkiləcəyini göstərməyə çalışırlar. Guya ki, Nura Paşaya abidə qoyulsa, belə təəssürat yaranacaq ki, Bakını yalnız osmanlı ordusu, osmanlı əsgərləri azad edib. Bu, kökündən yanlış, heç bir məntiqə sığmayan yanaşmadır. Bu düşüncədə olanlar var, belə təəssürat, belə fikir formalaşdırmağa çalışırlar ki, Bakını yalnız Osmanlı ordusu azad edib. Amma gerçək tarix var. Bu orduda sadəcə osmanlı əsgərləri deyildi. Bəli, Nuru Paşa osmanlı təəbəsi olaraq ordunun komandanı idi. Və Bakının azad edilməsinə rəhbərlik etmiş komandan da odur. Amma bütün Qafqaz xalqlarının əsgərləri ilə birlikdə. Şəxsən mən bu tarixi gerçəkliyi ehtiva edən abidənin ucaldılmasının tərəfdarıyam. Biz Nuru Paşaya haqq etdiyi ehtiramı göstərməyə borcluyuq. Nuru Paşaya şükran borcumuz var. Şəhərin görkəmli bir yerində onun abidəsi qoyulmalıdır. Amma dediyim məqamlar unudulmamalıdır.

Azər Həsrət digər mühüm bir məqama da toxundu:
- Məsələnin digər mühüm tərəfi həm də budur ki, həmin dövrdə Osmanlı çökməkdə idi. Bir tərəfdə daxili problemlər, bir tərəfdə xarici qüvvələrə qarşı mübarizə. Belə bir ağır dövrdə Nuru Paşanın ordu toplayaraq Azərbaycana gəlməsi, Ənvər Paşanın da Orta Asiyaya getməsi böyük cəsarət, qəhrəmanlıq nümunəsidir. Bütün bunlar gerçəkdir. Onları hərəkətə gətirən türklük duyğusu idi. Onlar düşünürdü ki, indiki Azərbaycan ərazisi, sonradan Ermənistan ərazi adlanacaq Qərbi Azərbaycan, Şimali Qafqaz, Acarıstan, Batum...  hamısı Vətən torpağıdır. Harada türk yaşayırsa, ora Vətən torpağı idi. Bu amalla da döyüşürdülər. Nuru Paşanın onun şərəfinə abidə qoyulmasına haqqı çatır. Eyni zamanda tarix öyrənilməli və öyrədilməlidir. Vacib məqamlar nəzərə çatdırılmalıdır.