Azərbaycanı bölünmək təhlükəsindən xilas etdi
"Müstəqil Azərbaycan dövlətinin xilaskarı, zəmanəmizin dünya çapında böyük liderlərindən biri, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Onun vəfatından 21 il keçir. Ümummilli Liderin xatirəsi Azərbaycanla yanaşı, Türk dünyasında və bir çox xarici ölkələrdə də ehtiramla yad edilir. Azərbaycan xalqının bu dahi oğlunun qismətinə dəyişən tarixi dövrlərin qovşağında yaşamaq və ölkəmizə rəhbərlik etmək missiyası düşmüşdü. O, bu şərəfli missiyanın öhdəsindən layiqincə gəldi".
Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.
Onun sözlərinə görə, uzaqgörən və müdrik siyasəti ilə tarix yazan Ulu Öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində rəhbərlik etdiyi Azərbaycanı bir dövlət kimi zamanın təlatümlərindən, ağır və sərt sınaqlarından çıxarmağı bacarıb:
“O, daim xalqımızın dərdlərinə şərik olan böyük lider kimi tarixdə iz qoyub. 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı Heydər Əliyevin Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək, sovet ordusunun Bakıya yeridilməsini qətiyyətlə pisləməsini və keçmiş SSRİ-nin ilk və sonuncu Prezidenti Mixail Qorbaçov başda olmaqla bu qanlı qırğında əli olan, sovet rəhbərliyində əyləşən bütün günahkarların cəzalandırılmasını tələb etməsini bu gün də hamımız yaxşı xatırlayırıq.
Azərbaycana məhz tarixi dövrlərin qovşağında, dünyada böyük dəyişikliklərin baş verdiyi, SSRİ kimi nəhəng geosiyasi subyektin dünya xəritəsindən silindiyi təlatümlərlə dolu bir məqamda rəhbərlik etmək missiyasını üzərinə götürmüş Ulu Öndər Heydər Əliyev müstəqilliyin xalqımız üçün necə böyük bir nemət olduğunu düzgün dəyərləndirirdi. O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dönəmdə Azərbaycanın müstəqilliyinin gerçəkliyə çevrilməsi, dövlət atributlarımızın bərpası istiqamətində mühüm addımlar atmışdı.
Heydər Əliyev həm sovetlər dönəmində, həm də müstəqillik illərində dirçəliş və yüksəlişimiz üçün əlindən gələni edib, Azərbaycanı inamla irəliyə doğru aparıb. Ölkəmiz və xalqımız üçün ən həlledici məqamlarda məhz Heydər Əliyevin müdrik liderliyi, düşünülmüş siyasəti və qətiyyətli mövqeyi bizi böyük bəlalardan xilas edib. Biz 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin üzləşdiyi təlatümlü prosesləri, ölkədə hökm sürən hərcmərcliyi, iqtisadi böhranı və vətəndaş qarşıdurmasını bu gün də unutmuruq. Heydər Əliyevin böyük Xilaskarlıq Missiyası məhz həmin faciəli durumda özünü təsdiqlədi. 1993-cü ildə xalqımızın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil respublikanın təcrübəli rəhbəri kimi ölkədə siyasi sabitlik yaratmağa nail oldu, Azərbaycanı bölünmək təhlükəsindən xilas etdi, iqtisadi tənəzzülün qarşısını aldı, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi istiqamətində önəmli addımlar atdı”.
Ə.Hüseynov qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu isə Qarabağımızın işğaldan azad olunduğu günü görmək olub:
“Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin mahiyyətini və əsl səbəblərini real faktlar əsasında dünya ictimaiyyətinə çatdıran Ulu Öndərin bu ülvi arzusu onun layiqli varisi və davamçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində yerinə yetirildi, Qarabağ və Şərqi Zəngəzur düşmən tapdağından azad edildi. Ümummilli Lider Heydər Əliyevin kursunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev həmçinin Qərbi Azərbaycana Qayıdış hədəfimizin gerçəkləşməsi istiqamətində də mühüm addımlar atır. Azərbaycanın bütövlüyü Ulu Öndərin ən böyük idealı idi. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası da məhz Bütöv Azərbaycan idealımızın gerçəkləşməsinə xidmət edirdi. Ulu Öndər bu idealımızın gerçəkləşməsi üçün milli birliyin, həmrəyliyin vacibliyini də daim vurğulayırdı. Bununla yanaşı, Heydər Əliyev milli-mənəvi dəyərlərimizin təbliğinə də xüsusi önəm verirdi. Bir sözlə, onun hər bir addımı, hər bir qərarı məhz Azərbaycanın bugünkü inkişafı və parlaq gələcəyinə xidmət edirdi. Qədirbilən xalqımız da Ulu Öndərə inanır və onu dəstəkləyirdi. Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi daim yaşayacaq”.