Əkbər Qoşalı: 34 hərfdən ibarət ortaq türk əlifbası üzərində iş tamamlanıb

Heç şübhəsiz ki, əlifba və dil türk birliyinin əsas təməl daşlarından biri olacaq
 
 
 Bu günlərdə Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəldi. Bu barədə Qazaxıstanın paytaxtı Astanada yerləşən Türk Akademiyası məlumat yayıb. Bildirilib ki, Türk Dünyası Birgə Əlifba Komissiyasının Bakıda keçirilən 3-cü toplantısında ortaq əlifba üzrə işlər yekunlaşıb. Bu sahədə əldə edilən məlumatlardan və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün ortaq əlifba layihəsi elan edilib. 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Məlumata görə, əlifba ilə bağlı ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən təşəbbüs irəli sürülüb. Latın əlifbası əsasında Ortaq Türk Əlifbası layihəsinin hərtərəfli nəzərdən keçirildiyi və komissiya üzvlərinin bu əlifba layihəsində hazırlanması lazım olan məsələlərlə bağlı uyğun qərarlar verildiyi vurğulanıb. Açıqlamda aşağıdakılar qeyd edilir: “Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifba hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir". Bildirilib ki, əlifba Türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edir.


 Ortaq türk əlifbası üzərində çalışmaların bitməsini məmnunluqla qarşıladığını deyən Uluslararası “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı “Sherg.az”a açıqlamasında ortaq türk əlifbasıyla bağlı bir neçə məqama aydınlıq gətirdi:  

- 34 hərfdən ibarət ortaq türk əlifbası üzərində iş tamamlandı. İlk növbədə deyim ki, bu, ilk iş deyil. 1991-ci ildən başlayaraq, bəlkə ondan da əvvəl, dar çərçivədə bu barədə danışılırdı, axtarışlar vardı, ayrı-ayrı şəxslər arasında məsləhətləşmələr olurdu. Ancaq 1991-ci ildən bəri bu günə gələn bir yol peşəkar xətt üzrə inkişaf etməkdə, davam etməkdədir. İndi yeni bir dönəmdir, türk dövlətləri üçün. Çünki ortaq türk qurumları var, onların müəyyən keçmişləri var, strukturlaşıblar, müəyyən təcrübə qazanıblar. Beləliklə, 1991-ci ildən bəri şərti olaraq adlandırdığımız ortaq türk əlifbası üzərində daha peşəkarcasına, ortaq türk qurumları üzərindən işləmək imkanı yaranıb. Həm də zaman çox şeyi  yerinə qoyur, şox şeyi həll edir. Bu məsələyə təkcə elmi cəhətdən, humanitar təfəkkürlə yanaşmayaq. Ümumi beynəlxalq durum bizə müəyyən impulslar verməkdədir. Məlumdur ki, türk dövlət başçılarının  Zirvə görüşləri olurdu. 15 il əvvəl Naxçıvanda Türk Dövlət Başçılarının Daimi Katibliyi – Türk Şurası yarandı. Ancaq Azərbaycanın Vətən müharibəsində şanlı zəfərinin birinci ildönümü ərəfəsində İstanbulda Türk Dövlətləri Təşkilatı yarandı. Yəni məsləhətləşmələrdən daimi katibliyə, şuraya, şuradan təşkilata keçildi. Qarşıda bizi yeni bir mərhələ  gözləməkdədir. Biz türk dövlətləri birliyinə gedən yola çıxıldığına inanırıq. Əgər birgə yola çıxmışıqsa, bizim öz aramızda daha sıx iş birliyi qurulmasına ehtiyac var. Heç şübhəsiz ki, əlifba və dil bu birliyin əsas təməl daşlarından birini təşkil etməkdədir.

 Ə.Qoşalı ortaq türk əlifbasının latın qrafikası əsasında, bütün türk xalqlarının dil xüsusiyyətləri nəzərə alınmaqla formalaşdırıldığını qeyd etdi:
- Bilirsiniz ki, qardaş Türkiyədə latın qrafikası əsasında formalaşmış əlifbadan istifadə olunur. Azərbaycanda da bunun bəlli ənənəsi var. Bizim ölkəmizdə sovetlərin ilk illərində - 10 il latın qrafikasından istifadə olunub. Bu qrafika ilə nəşr olunmuş kitablar var. Sonra isə məlumdur ki, sovet məkanında ümumi bir qərarla bütün türk xalqlarında (elə sovet respublikaları vardı ki, orada əlifba dəyişikliyi edilmədi - Ə.Qoşalı) əlifba dəyişikliyi həyata keçirildi və kiril əlifbasına keçildi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra,  1990-cı illərdən latın qrafikasına keçdi. Türkmənlər də həmçinin, latın qrafikasına keçdilər. Qazaxlar, özbəklərdə isə latınla kiril paralel işlənirdi. Bu gün də belədir. Rəsmi qərar var, latın qrafikasına keçidlə bağlı, amma tam keçid yoxdur.  Bizdə də bir müddət belə olmuşdu, sonra aradan qaldırıldı. Ümidvarıq ki, öndə Qırğızıstan olmaqla digər türk dövlətləri də latın qrafikasına keçəcək. Hər ziyanda bir xeyir var. İndi onlar daha anlaşılan, daha qəbuledilən əlifbaya birbaşa keçid etmək imkanı əldə edəcəklər. Hamımız deyirik latın qrafikalı əlifba, amma məsələn, Türkiyədə “ə” səsi var, amma qrafik işarəsi yoxdur. Və yaxud “x” hərfi, Türkiyə əlifbasında yoxdur. Eləcə də yumşaq “k” səsi yoxdur. Türküstandakı türkmən qardaşlarımız ingilislərin “w” hərfindən istifadə edir, bitişik “u-i” səsi üçün. Səhv etmirəmsə,  qazaxlar, hətta deyəsən, özbəklər də bu hərfdən istifadə edir. Məsələn, bizə görə 4 yeni hərf qəbul edildi. Sağırnun - kar “n” hərfi əlavə olunur. “u-i” hərflərini birgə ifadə edən “u” üstündə 1 xətt də bu 2 hərfin birləşməsini ifadə edəcək, Anadolu əlifbasında isə 6 hərfdən söhbət gedir.
 
Ortaq türk əlifbasının üstünlüklərini qeyd edən Ə.Qoşalı bildirdi ki, müstəqil türk dövlətlərinin hamısı bu əlifba əsasında eyni səsi eyni işarə ilə qəbul edərək ümumtürk birliyinə, əlifba və dil birliyinə birinci böyük töhfəni vermiş olacaqlar:
-  O səs ki hansısa xalqın dilində yoxdur, o hərfə onun ehtiyacı yoxdur. Hamı üçün qəbul edilmiş əlifba 34 hərfdən ibarətdir. Azərbaycan üçün 32 hərf yetərlidir. Biz o əlifbadan 32 hərfi götürürük. Artıq elmi dairələr ortaq türk əlifbasının hansı hərflərdən ibarət olduğunu bilir. Bu əlifba hamını əhatə edəcək səviyyədədir. Bu qərar Türk Dil Qurumu, Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı tərəfindən qəbul olunub. Qalır qərarın rəsmiləşməsi. Hər bir türk dövlətində bu qərar müvafiq qurumlar tərəfindən rəsmiləşməlidir. Fərqli qurumlar ola bilər, çünki hər ölkədə qanunvericiliyin tələbləri dəyişkəndir. Əlifbadan istifadəyə səlahiyyətli orqan icazə verməli, təsdiq etməlidir. Sonra dərsliklər, çap mediası, kitabların nəşri ilə bağlı bu əlifba üzərindən işə başlanılmalıdır. Maariflənmə işi də aparılmalıdır. Hesab edirəm ki, bu, xüsusi çətinliyi olan iş deyil. Zamanında belə bir ideyanı ortaya qoyan alimlərimizə, bu ideyanı dəstəkləyən dövlət başçılarına minnətdarlığımı bildirirəm.