İnsanlar artıq doğmalarına, yaxınlarına qənim kəsilib

Stress və gərginlik idarəolunmaz hala gəlib
Psixoloq baş verən faciələrin səbəbini pandemiyanın fəsadları ilə əlaqələndirib

Son vaxtlar mediada yayımlanan xəbərlərdə təcavüz, zorakılıq hallarına tez-tez rast gəlirik. Ötən gün Bakının Binəqədi rayonunda atanın körpə övladını, o cümlədən məhkəmə hakimi həyat yoldaşını qəsdən ov tüfəngi ilə qətlə yetirib. Təbii ki, cəmiyyətdə bu cür kriminal hadisələrin artması narahatlıq doğurmaqdadır. Bəs görəsən, insanlarda bu aqressiyanın səbəbi nədir? Bu cür hallara gətirib çıxaran amillər nələrdir? Bunun pandemiya ilə əlaqəsi varmı?

Suallarımızı cavablandıran Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov "Şərq"ə bu kimi halların baş verməsinin səbəbini pandemiyanın fəsadları ilə əlaqələndirib.


O qeyd edib ki, hazırda müraciət edənlər sırasında qeyd olunan vəziyyətlə əlaqədar ünsiyyət problemləri, sosial fobiya, özünü aktuallaşdırma ilə bağlı problemlər müşahidə olunur: "Təbii ki, bu kimi hallar pandemiyanın fəsadları ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu gün stressə davamsız, gərgin insanlar çoxdur. Pandemiya ilə əlaqədar müəyyən məhdudlaşdırmaların olması səbəbi ilə fiziki və psixoloji şiddətlə bağlı statistikada artım müşahidə olunur. Hətta bununla əlaqədar Amerika Psixoloqlar Assosiasiyası tərəfindən “şiddətdən müdafiə kitabçası” nəşr olundu. Ümumilikdə dünyada pandemiya dövründə təcrid və fəaliyyətin məhdudlaşdırılması səbəbi ilə ailədaxili şiddət artdı və artıq bütün ölkələr bununla mübarizə istiqamətində müxtəlif tədbirlər görməyə başladılar".

E.Rüstəmov əlavə edib ki, artıq dönəmin özü dəyişiklik dövrüdür:

"İnsanlar gün ərzində müxtəlif informasiyalar alırlar. Bu məlumatlar isə onlarda əhval pozuntusuna, emosional dəyişikliyə səbəb olur. Bir qisim insanlar isə stress və gərginliyi idarə edə bilmirlər. Zərərli vərdişləri olan insanların statistikasında artım müşahidə olunur. Eyni zamanda ailədaxili konfliktlər artır ki, bu hal uşaqların psixikasına təsir edir, onlarla qarşılıqlı münasibətlərdə problemlərin yaranmasına gətirib çıxarır. Hazırda müraciət edənlər sırasında qeyd olunan vəziyyətlə əlaqədar ünsiyyət problemləri, sosial fobiya, özünü aktuallaşdırma ilə bağlı problemlər müşahidə olunur. Ona görə də psixoloji dayanıqlılığın formalaşdırılması, emosiyaların idarə olunması, stressə qarşı immunitetin artırılması istiqamətində həm hər bir fərd dövrün çağdaş çağırışına uyğun olaraq özündə bu məqamları formalaşdırmalı, eyni zamanda cəmiyyət olaraq özümüzdə bu istiqamətdə immunitetin formalaşdırılmasına diqqət ayırmalıyıq".