"Bələdiyyələr də şəffaf olmalıdırlar"

"Bunları deməkdə məqsədimiz odur ki, gələcəkdə bütün namizdələr nəticə çıxarsınlar"

"Yəni onlar özlərinə, nəfslərinə hakim deyillərsə, bəri başdan namizəd olmasınlar”


Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb. Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. C.Nuriyev barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, C.Nuriyev 10 ildən artıq Pirəbədil bələdiyyəsinin sədri olub.

Mövzunu “Sherg.az”a şərh edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni qeyd edib ki, dövlət qurumlarından şəffaflıq, düzgünlük və ədalətlilik tələb ediriksə, ilk növbədə özümüz şəffaf olmalıyıq. Bələdiyyələr də o cümlədən:

“Bələdiyyələr ölkəmizdə yerli özünüidarəetmə orqanıdır. Bu orqan həm də vətəndaş cəmiyyətinin bir sahəsidir. Bu baxımdan vətəndaşın səsini qazanıb hansısa seçkili orqanda təmsil olunan şəxsin heç bir haqqı yoxdur ki, korrupsiyaya qurşansın. Xalqın etimad göstərdiyi vəzifəli şəxslər nümunə olmalıdırlar. Amma müəyyən bələdiyyə sistemində bəzi vəzifəlilər korrupsiya halları ilə istintaqa cəlb olunurlar. Bu, cəmiyyətimiz üçün böyük faciədir. Belə hallara yol vermək olmaz. Bunları deməkdə məqsədimiz odur ki, gələcəkdə bütün namizdələr nəticə çıxarsınlar. Yəni onlar özlərinə, nəfslərinə hakim deyillərsə, bəri başdan namizəd olmasınlar”.

R.Zeyninin fikrincə, ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri genişləndirilməli, şəffaflıq artırılmalı və ictimai nəzarət gücləndirilməlidir:

“Vəziyyət o həddə çatdırılmalıdır ki, Azərbaycan regionda və dünyada ən inkişaf etmiş dövlət səviyyəsinə çatsın. Cənab Prezident daim bu istiqamətdə çağırışlar edir. Biz də belə çağırışlara çox həssas və diqqətlə yanaşmalıyıq”.