Ermənistan tarix boyu Rusiyaya aid olub, olmaqda da davam edəcək -ANALİZ

Hazırda Rusiya ilə Ermənistan arasında maraqlı tendensiya müşahidə etməkdəyik. Maraqlı sayıla biləcək tendensiya isə ondan ibarətdir ki, gərgin siyasi polemika, qarşılıqlı ittihamların dozası artdıqca iki ölkə arasında ticarət dövriyyəsi də artır. Artıq uzun müddətdir ki, iki ölkə rəsmiləri bir-birinin ünvanına kəskin bəyanatlar səsləndirirlər. Ermənistan rəsmiləri Rusiyanı “satqın” adlandırmaqdan belə çəkinmirlər, eyni ritorikanı Rusiya tərəfində də müşahidə etmək mümkündür. Əgər Ermənistan tərəfi Qarabağ məsələsində tutduğu mövqeyə görə Rusiyanı satqın hesab edirsə, Moskvadakılar Ermənistanın onu Qərbə satdığını düşünürlər. ABŞ, Rusiya və Fransanın - ATƏT-in Minsk qrupunun hər üç həmsədrinin Ermənistana qarşı belə səbirli münasibəti təəccüblü deyil. Bu ölkələr ənənəvi olaraq İrəvanı dəstəkləyiblər. Onların regionda nüfuz və mövcudluğunu saxlamaq üçün "Ermənistan" adlı layihəyə ehtiyacı var. Ona görə də Paris, Vaşinqton və Moskvanın hər biri ayrı-ayrılıqda və ya birlikdə Cənubi Qafqazda bu layihəni dəstəkləmək üçün addımlar atması tamamilə başa düşüləndir. Qarşılıqlı tənqid və təhdidlərə, o cümlədən nüvə ritorikasına baxmayaraq, Ermənistandan söhbət gedəndə Rusiya ilə Qərbin mövqeləri təəccüblü şəkildə üst-üstə düşür. Qərblə bağlı hər şey aydındır: Onun köməyi ən azı İrəvanın elan etdiyi "qərbyönlü" kurs ilə izah olunur, baxmayaraq ki, reallıqda Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. O, hələ də KTMT və Aİİ üzvü olaraq qalır və onun ərazisində Rusiya hərbçiləri və sərhədçiləri yerləşməkdə davam edir. Rusiya ilə vəziyyət bir qədər mürəkkəbdir. Moskva ilə İrəvan arasında Zaxarova, Simonyan və digər rəsmilərin fəal iştirak etdiyi ictimai çəkişmə ikitərəfli münasibətlərdə gərginlik illüziyası yaradır. Ancaq bu, sadəcə bir görüntüdür. Praktikada Rusiya öz forpostuna sadiq qalır. Söhbət təkcə Overçukun ticarət dövriyyəsini artırmaq planlarından getmir. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana silah tədarükünü bərpa edib. Xüsusilə, söhbət bir neçə il əvvəl alınması üçün müqavilələr bağlanmış "Smerç" tipli raketlərin tədarükündən gedir. Ermənistana Rusiya silahlarının tədarükü bu günə qədər davam edir. Eyni zamanda, 2022-ci ildən başlayaraq Rusiya Azərbaycana bir dənə də olsun patron göndərməyib və bunu Ukrayna ilə müharibə ilə izah edib. Yəni, Azərbaycanla dövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsipləri və 2022-ci il fevral tarixli Müttəfiq əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etdirilməsi ilə bağlı müqavilələri olan Moskva Ukrayna cəbhəsində baş verən hadisələrə görə mahiyyətcə "gözləməyi" təklif edir. Bununla yanaşı, münasibətləri pozulmaq ərəfəsində kimi görünən Ermənistan sanki heç bir gərginlik yoxmuş kimi Rusiyadan istənilən növ silahları almağa davam edir. Bu gün dünya şiddətli münaqişələrlə əhatə olunduğu zaman dövlətlər arasında etimad böhranı yaşanır. Amma hər şeyə baxmayaraq, rəsmi Bakı beynəlxalq münasibətlərdə öz mövqeyinin açıqlığına əsaslanan daimi yanaşma nümayiş etdirir. Və təbii ki, ona da oxşar yanaşmanın tətbiq olunmasını istəyir. Rusiya-Ermənistan münasibətləri yalnız Rusiya ilə Ermənistanın məsələsidir. Amma bir şərtlə ki, bu, ölkəmizin maraqlarına və təhlükəsizliyinə toxunmasın. Rusiya və Qərb Ermənistanı silahlandırmaqla, iqtisadi göstəricilərini gücləndirməklə sülh perspektivini ləngidir və regionumuzun təhlükəsizliyinə xələl gətirir. 

Tanınmış Jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Qərb Ermənistanı çoxdan ələ keçirməyə çalışaraq Rusiyaya qarşı istifadə etməyə səy göstərir:

“Amma Rusiya da bundan Qərbə və Ermənistanda Nikol Paşinyana qarşı istifadə etməyə çalışır. Eyni zamanda bütün beynəlxalq konfranslarda dilə gətirirlər ki, Ermənistan Rusiya tərəfindən yaradılan forpost olaraq Qərbə yönəlir. Amerikanın isə Ermənistana uyğun planları var. Dünyada ən böyük Amerika səfirliklərindən biri Ermənistanda yerləşir. Digər tərəfdən isə Qərbin “Soros” və digər təşkilatları Ermənistan üçün apardıqları antirusiya fəaliyyətləri ilə məşhurdular. İrəvanla Qərb arasında nə qədər yaxınlaşma olsa da, onlar Ermənistana Rusiya qədər  sahib çıxa bilməyəcəklər. Çünki Ermənistanın istisadiyyatı, dəmir yolları, qaz xətləri Rusiyadan asılıdır. Belə bir vəziyyətdə Ermənistanın iqtisadi olaraq Qərb tərəfindən doyuzdurulması mümkün deyil. Çünki Ermənistan tarix boyu Rusiyaya aid olub və olmaqda da davam edəcək”.