Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib

Özbəkistan Cüdo Federasiyasının prezidenti Azizjon Komilov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və icraçı vitse-prezident Rəşad Rəsullu ilə görüşüb. 
"Report" xəbər verir ki, milli komandalar üçün təlim-məşq mərkəzində baş tutan görüşdə qonağa idmançılar üçün yaradılmış müasir şərait haqqında, həmçinin federasiyanın ölkəmizdə cüdo idman növünün inkişafı üçün həyata keçirdiyi işlər və layihələr haqqında məlumat veriblər.
Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışlarının təşkili və hər iki ölkədə cüdonun inkişafını gücləndirmək üçün əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin, müasir məşqçilik metodları üzrə təcrübə mübadiləsi və idmançıların inkişaf proqramları əsas əməkdaşlıq sahələri kimi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası və Özbəkistan Cüdo Federasiyası arasında 2022-ci ilin oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumuna əsasən indiyə qədər 5 qarşılıqlı birgə təlim-məşq toplanışı keçirilib və hər iki ölkədə reallaşan beynəlxalq yarışlarda idmançıların iştirakı təmin edilib.