İlk dərs günü bıçaqlanma: Hadisəsinin məktəblə heç bir əlaqəsi yoxdur -RƏY

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi Ramal Röyal oğlu Musayev sinif yoldaşı Arif Elsevər oğlu Həsənəliyevə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi məktəbi bitirən gəncə bıçaqla xəsarət yetirib. Sözügedən hadisəyə səbəb bıçaqlanan şəxsin 11-ci sinif şagirdini söyməsi olub. 
2007-ci il təvəllüdlü Ramal Musayev bıçaqla Arif Həsənəliyevin ayaq nahiyəsinə kəsik xəsarətləri yetirib.

Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, belə hadisələr zamanı hamı məktəbi günahlandırır:

''Lakin ilk dərs günündə bıçaqlanma hadisəsinin məktəblə heç bir əlaqəsi yoxdur. Bu həmin uşağın gəldiyi ailə ilə bağlı nüansdır. Əgər dərs ilinin ortası olsaydı və yaxud məktəbdə tərəflər arasında uzunmüddətli zidiyyət baş versəydi problemi həll etmədiyinə görə, məktəb rəhbərliyini günahlandırmaqda haqlı olardıq. Bir sözlə, bu vəziyyət bilavasitə yeniyetmə cinayyəti sayılır. Təbii ki, adiyatı orqanlar hadisəni araşdıracaq. Buradan valideynlərə səslənirik ki, evinizdə normal psixoloji durumu olmayan, aqressiyasını, əsəbini cilovlaya bilməyən uşaqlar varsa, mütəxəssisə müraciət edin. Bəziləri belə vəziyyətdə məktəb psixoloqlarının işindən narazılıq edir. Lakin məktəb psixoloqlarının vəzifəsi şagirdləri terapiya etmək deyil. Onlar praktik psixoloq sayılmırlar. Sadəcə olaraq sosial iş görürlər. Yəni, məktəb psixoloqu öz əsəblərini idarə edə bilməyən bir uşağa kömək edə bilməz. Yalnız həmin uşağın ailəsinə hansısa tövsiyələr verə bilər".