Onlayn satış yarmarkası da işləyəcək

Bütün vətəndaşlara qurbanlıq kəsmək üçün şərait yaradılacaq

Yaxınlaşmaqda olan Qurban bayramı ilə əlaqədar 3 qurum – Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası məlumat yayıb. Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi  Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat verərək bildirir ki, 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidməti təşkil oluancaq. Bu ünvanlardan 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Ünvanların çoxluğu Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədi daşıyır.  Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.

Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən şəhərə" layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası da təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıq heyvanların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları ww.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilər. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilər.

Vətəndaşlara tövsiyə edilir ki, pandemiya şəraitini və karantin qaydalarını nəzərə alaraq bayramdan bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etsinlər, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etsinlər. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcək.

QMİ Qazılar Şurasının fətvasında da bildirilir ki, islam dinində qurban kəsmək əsasən Məkkədə zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət, məqbul, bəyənilən, sahibinə savab qazandıran əməl hesab olunur.

Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. 

Qeyd edək ki, ölkəmizdə islam dini möhkəm əsaslara malik olsa da, qurbanlıq ətin bölünməsi qaydalarını bilməyənlər hələ də var. Qazılar Şurası xatırladır ki, dini qaydaya görə qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurbanlıq heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Tövsiyə edilir ki, müqəddəs bayram günlərində qurbanlıqların kəsilməsi baytarlıq və sanitariya qaydalarına ciddi əməl olunmaqla münasib, dövlət tərəfindən xüsusi ayrılmış yerlərdə icra edilsin. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin paytaxt Bakı və onun ətrafı, habelə ölkə bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə din xadimlərinin nəzarəti ilə həyata keçirilsə yaxşıdır.

Kəsim məntəqələrində şəriət qaydaları ilə əlaqədar ortaya çıxa biləcək hansısa məsələlərlə bağlı QMİ-nin yerlərdəki nümayəndələrinə müraciət oluna bilər. Həmin məkanlarda fərdi qaydada qurban kəsmək istəyənlər üçün də şərait yaradılacaq.