Kitab, kitabxana dövlətin varlığının sübutudur

Qarabağ üçün kitabtoplama kampaniyasına çox insan qoşulacaq

Şahbaz Xuduoğlu iştiraka hazır olduqlarını və böyük həvəslə icra edəcəklərini deyib


Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi Qarabağ üçün kitabtoplama kampaniyası getdikcə genişlənir. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev Muzeyi də kampaniyaya qoşulub. Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları "İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası"nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd ediblər. Əlyazmalar İnstitutu 174 adda 471 nüsxə kitabı, Hüseyn Cavidin Ev Muzeyi isə 22 adda 65 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.

“Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu “Şərq”ə açıqlamasında Qarabağ kitabxanaları üçün kitab toplanmasında iştiraka hazır olduqlarını və bunu böyük həvəslə icra edəcəklərini dedi: 

- Kampaniyadan xəbərdaram və əlbəttə, belə bir təşəbbüsü alqışlayıram. Amma bu kampaniya hələ Bakıda aparılır. Qarabağ kitabxana fondunun formalaşması Ağdama, Füzuliyə, Şuşaya... Qarabağa transfer olunanda mən də öz nəşriyyatımızın kitablarından mütləq hədiyyə edəcəm. İşğaldan azad edilmiş ərazilərdə hələ ki kitabxana yoxdur, səfər edənlər çoxdur, lakin kitabxana əməkdaşları ora səfər etməyib. Naşirlərə də hələ növbə çatmayıb. Kitabxanaların açılışı olanda biz də öz hədiyyəmizi edəcəyik. Hesab edirəm ki, necə ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda dövlət səviyyəsində quruculuq, tikinti işləri aparılır, yol, işıq, su necə dövlət səviyyəsində çəkilirsə, kitabımız da o şəkildə bərpa olunmalıdır. Dövlət səviyyəsində. Kitab və kitabxana dövlətin varlığının sübutudur. Harda ki, kitabxana var, orda dövlət var. Rusiya imperiyası hansı torpaqları işğal edirdisə, orda dərhal kitabxana açırdı. Kitabxana təkcə kitablardan ibarət olmur. Orda əlyazmalar, arxiv materialları, fond, tarixi sənədlər də cəmlənir. Kitabxanaya sadəcə, kitab evi kimi baxsaq, yanılarıq. Kitabxanalara dövlət siyasətinin mühüm tərkib  hissəsi kimi yanaşılmalıdır.      

Qeyd edək ki, Ş.Xuduoğlu doğma kəndi Hamarkənddə “Kitab qovşağı” köşklərinin qoyulmasına nail olub. Bununla bağlı danışan naşir bildirdi ki, kənddə kitabxana ləğv olunduğuna görə "Kitab qovşağı" köşkləri qoymaq qərarına gəlib: 

- Bir köşk qoymuşdum, hazırda işləyir, digər ikisi də artıq hazırdır. Sosial şəbəkədən hamıya müraciət edirik ki, kimin paylaşmaq istədiyi kitabları varsa, bu ünvana göndərsin: Yardımlı rayonu, Hamarkənd kəndi, "Kitab qovşağı". Öz kitabını göndərmək istəyənlər isə mütləq avtoqraf yazsın, hətta naməlum oxucuya məktub da yazıb kitabın arasına qoya bilər. Hər dəfə kəndə gedəndə qovşaqlara yeni kitablar aparıram. Bu kitablar satılmır, eləcə də alınmır. Sadəcə oxumaq üçündür. Bir nəfər götürüb oxuyur, sonra köşkə qoyur, başqa kitab götürür. Buna kitab dəyişmək də deyirlər. Oxuduğumu qoyub, oxumadığımı götürürəm. Kitab qovşaqlarını yaratmaqda məqsəd kitabxanası olmayan kəndlərimizi, məhəllələrimizi, bloklarımızı kitabla təmin etməkdir. Son illər çox sayda kitabxanalar bağlanıb, köhnə kitablar - kiril qrafikası ilə olanlar məhv edilib. Cəmiyyətimiz kitabsız bir mühitə yuvarlanıb. Qovşaqlar mühiti dəyişəcək, kitaba marağı artıracaq. Bəzən evində kitabı artıq görən insanlar onları da aparıb zibilliyə atır. Yaxşısı, kitab qovşaqlarına qoyun, qoy kitab öz oxucusunu tapsın. Dünyada elə bir kitab yoxdur ki, onun ən azı üç oxucusu olmasın. Bu mənada, heç bir kitab atılmalı deyil. 

Ş.Xuduoğlu qeyd etdi ki, “kitab köşkləri” təşkil etməkdə konkret məqsədləri var: 

- İddiamız, hazırkı kitab azlığı mühitində oxuya marağı artırmaq, oxunu təbliğ etmək, oxucuların sayını artırmaqdır. Hər kəs oxuduğu kitabı bir başqasıyla paylaşmaqla oxu mədəniyyətini inkişaf etdirə, oxucu sayını artıra bilər.