SOS !- Körpələr atılır


Hüquq müdafiəçisi və psixoloq hesab edir ki, anaların problemi həll olunmalıdır

İllər öncə bir körpə  paytaxtda – Fəxri Xiyabana atılmışdı. Həm də xalqımızın hörmət bəslədiyi Şıxəli Qurbanovun qəbirüstü abidəsi önünə. O zaman “Şərq” bu hadisəni işıqlandırdı. Hadisə yerinə getdik, Fəxri Xiyabanın mühafizəçisi, hadisənin baş verdiyini təsdiqlədi, körpənin atıldığı yeri də nişan verdi. Körpələr bu gün də atılır. Demirik, kütləvidir bu hal. Lakin bircə faktın olması belə, faciədir. Körpələrin “səsi” gah zibil qutularından, gah binaların bloklarından, gah ağaclıqdan, gah da Şəhidlər Xiyabanından gəlir. Yeni doğulmuş körpə Ağcabədinin Hindarx qəsəbəsində məhz  Şəhidlər  Xiyabanına atılıb. Nə düşünüb körpəni dünyaya gətirmiş qadın onu Şəhidlər Xiyabanına atarkən, bir özü, bir də Allah bilir.  Bəlkə düşünüb ki, Şəhidlər Xiyabanı hörmətli, sayılıb-seçilən məkandı, gediş-gəliş çoxdu, körpə tez tapılar, tələf olmaz. Bəlkə diri olan şəhidlərə əmanət edib, balasını. Bəlkə… heç nə də düşünməyib. Qurtulmaq istəyib körpədən, yolunun üstünə çıxan bir yerə atıb, çıxıb gedib. 

Son günlərin mövzusu hazırda budur; atılan körpələr. “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində bu barədə yazıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə". Daha öncə oxşar hadisə Sumqayıtda və Ucarda yaşanıb. Daha 2 körpə  küçəyə atılıb. Ağcabədidə atılmış körpəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sahib çıxıb. Bu barədə komitənin mətbuat xidmətinin məlumatı var. Bildirilir ki, körpə Dövlət Komitəsinin nəzarətindədir. Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunub, onunla bağlı bütün lazımi tədbirlər görülüb. Valideynlərinin tapılması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Körpələrin “mən burdayam” harayı...  

Sumqayıtda “Yaşıldərə” yaşayış massivində zibil qabından tapılan uşaq barədə Sumqayıt Perinetal Mərkəzinin məlumatında bildirilirdi ki, zibil qabından tapılan qız uşağı 34-35 həftə hestasiya yaşında doğulub. Onun çəkisi 1 kiloqram 660 qram, boyu isə 40 sm-dir: "Uşağın vəziyyəti orta-ağır qiymətləndirilir. Uşağın yenidoğulmuşlar və yarımçıqdoğulmuşlar şöbəsində müalicəsi davam etdirilir. Körpə enteral qidalandırılır. Qeyd edilirdi ki, yaşayış massivinin sakinlərindən biri zibil atarkən səs eşidib, yaxınlaşıb baxdıqda orada yeni doğulmuş körpənin  olduğunu görüb. O, polisə müraciət edib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Ötən ilin fevralında da Sumqayıt şəhərinin 2-ci mikrorayonunda sakinlər zibil qutusunda yeni doğulmuş körpə meyiti aşkarlamışdılar. Eyni dəhşətli hadisə Xocasən qəsəbəsində də yaşanıbmış. Məişət tullantıları qabında yeni doğulmuş qız uşağının cəsədi tapılmışdı. Müəyyən edilmişdi ki, körpə 7 aylıq və yarımçıq doğulub. Lakin doğulan zaman sağ olub. Ölüm hadisəsi sonradan baş verib. Hüquq-mühafizə orqanları körpəni zibil qutusuna atmış şəxsi tapmışdılar. Onun barəsində AR Cinayət Məcəlləsinin 121-ci maddəsi (ananın yeni doğulmuş körpəsini qəsdən öldürməsi) ilə cinayət işi açılmışdı. Ucarda isə yeni doğulmuş körpəni yarımçıq tikiliyə atıblarmış. 

Kəmalə Ağazadə: “Analarla iş aparıb, kömək göstərmək lazımdır”

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bir müddət əvvəl bəzi Avropa ölkələrində tətbiq edilən “Baby box” – körpə qutuları ilə bağlı təklif irəli sürmüşdü. Xatırladaq ki, bəzi ölkələrdə doğum evlərində “baby box” yerləşdirilir və ana yeni doğulan uşağını istəmirsə, körpəni qutuya qoyur. Uşağı qutuya yerləşdirən kimi işıqlandırma və isitmə sistemi işə düşür. Həmin vaxt valideynə qərarından dönməsi üçün 30 saniyə vaxt verilir. Qərarı dəyişmirsə, qutu bağlanır. Siqnal çalınır və doğum evinin işçiləri uşağı oradan götürürlər. Uşağını atan ananın kimliyi gizli saxlanılır. K.Ağazadə yerli mediaya açıqlamasında təklifin  qüvvədə qaldığını deyib: 
- O təklif hələ qalıb. Bildirildi ki, Azərbaycanda il ərzində o qədər uşaq atılmır ki, “körpə qutuları” (“baby box”)  yaradılsın. İl ərzində körpələr evində 70-80 uşaq qoyulur, onların da əksəriyyəti xəstə uşaqlardır. Bu gün tək anaların problemləri həll edilməlidir.  Aliment problemi həll edilməli, ən azından peşə təhsili almalıdırlar. Onlarla iş aparıb, kömək göstərmək lazımdır.

“Səbəblər araşdırılmayınca, belə hadisələrin çox şahidi olacağıq” 

Psixoloq Elnur Rüstəmov “Şərq”ə açıqlamasında körpənin atılma səbəblərinin araşdırılmasının vacib olduğunu söylədi: 

- Normal vəziyyətdə heç bir ana körpəsindən imtina etməz. Baxa bilmirsə, kimdənsə xahiş edər, qohumundan, yaxın adamından. Biri qəbul etməz, 2-si qəbul etməz, 3-cü qəbul edər. Amma qadın heç kəsə demir, heç kəsdən xahiş etmir, bildirmir, “sadəcə” körpəsini atır. Deməli, onu buna vadar edən səbəblər mütləq var. Nə olur olsun, hansı səbəb olursa olsun, mütləq bu səbəblər araşdırılmalıdır. Səbəb bilinmədən biz necə kimisə ittiham edə, rəy bildirə bilərik?! Bu, yarımçıq, möhkəm əsası olmayan, yalnız fərziyyəyə söykənən rəy olacaq. Hər bir insanın ruh halı fərqli və individualdır. Ana doğuş zamanı stres də keçirə bilər, psixoloji travma da ala bilər. Övladını böyütməklə bağlı inamsızlığı da ola bilər. Özünü tənha, kimsəsiz hiss edər, körpənin atası ondan imtina etmiş ola bilər. Bəlkə kimsə onun qarşısına şərt qoyub? Ailədə ögey ata, ögey ana körpəni istəmədiklərini bildiriblər. Bəlkə bu insanın gedəcəyi yeri yoxdur, sabah yeməyə çörək  tapa biləcək, ya yox, naməlum vəziyyətdədir. Bilirsiz, biz kimlərisə ittiham etməyə, günahlandırmağa, cinayətkar elan etməyə həvəsliyik. İşin içini, məsələnin məğzini isə bilmirik. Körpəni dünyaya gətirən ananın problemləri nədir, narahatlığı nədəndir, ailədə hansı çətinliklər  var, bilmirik. Amma ittiham edirik və rəy irəli sürürük. Ailələrin problemləri araşdırılmalıdır. Bəli, hansısa qurum körpəyə sahib çıxdı, lap yaxşı, sağ olsunlar. Bəs digər ailələr? Körpəsini dünyaya gətirib ölümə tərk edənlərin problemlərini kim araşdıracaq? “Körpəni niyə atmısan" sualı indiyədək neçə qadına verilib və onların cavabı nə olub? Biz bu dəhşətli mənzərəni dəyişmək istəyiriksə, bu suallara cavab almalıyıq. Və bu vəziyyəti yaradan səbəbləri aradan qaldırmalıyıq. Mən bu gün psixoloq kimi bir söz dedim, tutalım, dedim ki, körpəsini atan qadında psixoloji pozuntular ola bilər. Bununla nə dəyişir? Körpələrin atılması statistikası dəyişirmi?.. Mən təklif irəli sürə bilərəm ki, xəstəxanalarda psixoloqlar çalışsın. Doğuşa hazırlaşan qadınlarla söhbət aparsınlar. Vəziyyətini öyrənsinlər. Ola bilər ki, hansısa qadın  körpəyə baxa bilməyəcəyini, qulluq edə bilməyəcəyini etiraf edər, bu zaman körpə dövlət himayəsinə alınar. Həkimlərimiz arasında həqiqətən şəfqətli, mehriban olanları çoxdur. Həkimə bildirsinlər problemlərini, onlara kömək edilər. Amma bütün hallarda anaların özlərini ifadə etməsinə imkan, şərait yaradılmalıdır. Məsələn, xəstəxanalarda bununla bağlı anket-sorğular təşkil etmək də olar. Həmçinin, xəbərlərin cəmiyyətə ötürülməsində də nöqsanlar var. İstər intihar hadisəsi, istər qətl, qəzalar olsun, istərsə də atılmış körpələrlə bağlı xəbərlər, bu cür informasiyalar manşetə çıxarılırsa, o istiqamətdə hadisələrin artma ehtimalı çoxalır. Cəmiyyətə hansı informasiyanın hansı şəkildə ötürüldüyünə diqqət edilməlidir. Hansısa halla bağlı informasiyaların çoxluğu o hadisəyə marağı artırır, adiləşdirir. İnsanlar eyni hərəkətləri etməkdən çəkinmirlər.