Satanların, yayanların yuxusu ərşə çəkilib

"Patı" dizini yerə qoyana qədər mübarizə davam etməlidir

Bütün ölkə dəstək verir, Gömrük Komitəsindən səs çıxmır

Hüquq-mühafizə orqanlarının “patı” əməliyyatı davam edir. Son günlər ərzində narkotik vasitələr, eləcə də adına “patı”, “şüşə” deyilən psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək tutulması bu sahədə ciddi iş aparıldığını göstərir.  Polis təkcə əldən-ələ narkotik vasitə satanları deyil, onlayn satışla məşğul olanlara deyil, narkotik maddə təbliğatını sosial şəbəkə üzərindən aparanlara qarşı da sərt tədbirlər görür. Belə əməliyyatlar yalnız paytaxtla məhdudlaşmır, regionlarda da iş aparılır.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər Lənkəran rayon sakini saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektorunun "Sputnik Azərbaycan"ın bölgə müxbirinə verdiyi məlumata görə, Lənkəran RPŞ-nin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov və Sabir Vəliyev saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. S.Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon S.Vəliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.  Lənkəran RPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə rayon sakinləri Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov və Xalid Məmmədli saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, 4 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma davam etdirilir.

Məsələ ilə bağlı “Şərq”ə danışan ehtiyatda olan polis polkovniki Mahmud Hacıyev qeyd etdi ki, hüquq-mühafizə orqanları “patı” satanlara qarşı uğurlu əməliyyatlar keçirir: 

- Bu məsələdə əsas yük hüquq-mühafizə orqanlarının üzərindədir. KİV də sağ olsun ki, üzərinə düşən vəzifəni yerinə yetirir, bu çox ciddi, təhlükəli problemi gündəmdə saxlamaqla ictimaiyyətin maariflənməsinə və məlumatlanmasına yardım edir. Hüquq-mühafizə orqanları nə lazımdır, edirlər. İstintaq-əməliyyat tədbirləri keçirirlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanları məsuliyyətə cəlb edirlər. Amma problemin kökü narkotik vasitələrin ölkəyə gətirilməsi, yayılmasıdır.

Əsas onu gətirənlər, yayanlar aşkarlanmalı və həbs edilməlidir.

Bu isə artıq Gömrük Komitəsi və Sərhəd Qoşunlarının işidir. Düzdür Sərhəd Qoşunları sərhəddə ayıq-sayıqlığı qoruyur, hətta ötən dəfə atışma da olmuşdu, 1 sərhədçimiz də şəhid oldu. Narkotik vasitələrin dövriyyəsinin qarşısını almaq çətindir. Bütün dünya bununla mübarizə aparır, amma tamam-kamal qarşısını ala bilmirlər. Lakin bu o demək deyil ki, məğlubiyyətlə barışmalıyıq.

Xeyir. İş görmək, daha güclü çalışmaq lazımdır. Gömrük Komitəsinin bu sahədə fəaliyyəti isə görünmür. Fəaliyyətləri varsa da, bu haqda məlumat sıfır dərəcəsindədir.

Görürük ki, Prokurorluq, Daxili İşlər Nazirliyi KİV-lə necə əlaqəli işləyir. Məlumatlar operativ şəkildə yayılır. Amma Gömrük Komitəsi ilə bağlı eyni sözləri söyləmək mümkün deyil. Nə iş görürlər, hansı fəaliyyətləri var, özləri bilir. Heç bir açıqlama, məlumat vermirlər. Təəssüf ki, hesabatlarını da görmürük. Gömrük Komitəsinin də əməliyyat şöbəsi, qaçaqmalçılıqla mübarizə şöbəsi var. Onlar KİV-lə əlaqələri lazımi səviyyədə təşkil etməyiblər.

Gömrük Komitəsi, Sərhəd Qoşunları hüquq-mühafizə orqanları ilə - polislə birgə işləməlidir, informasiya mübadiləsi aparmalıdırlar. Belədə fəaliyyət daha səmərəli olar, nəticə görünər. Yəqin bu qurumlar deyilənlərdən ölçü götürəcək.