Nazir Ağsuda yanğın baş verən ərazidədir - YENİLƏNİB

Ötən gün axşam saatlarında Ağsu rayonunun Gəgəli kəndi yaxınlığında başlayan yanğın hələ də davam edir. Mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün ETSN-in yerli qurumlarının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi kənd əhalisi səfərbər olunub.

Oxu.Az-ın məlumatına görə, ərazidə əsasən kol-kos və quru otlar yanır. Yanğın meşəyə keçməyib. 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birgə yanğın olan ərazidədir.

15:37

“Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində yüksək dağlıq ərazidə başlayan yanğının meşə ərazisinə keçməsinin qarşısı alınır”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, həmin ərazidə kol-kos yanır:

“ETSN-in, Fövqəladə Hallar Nazirliyinin və kənd camaatının köməyi ilə yanğının meşəyə keçməsinin qarşısını alınır. Vətəndaşlara müraciət edirəm ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Ani ehtiyatsızlıq və etinasızlıq dəhşətli fəlakətə səbəb ola bilər.

Tam səmimi deyirəm, yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, hardasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik və istəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda da olsun. Yay mövsümündə təbiət ərazilərində, meşələrdə yanğınların baş verməsi təəssüf ki, bir reallıqdır və qaçılmazdır. Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlı qursaq, yarana biləcək belə fəlakətlərdən qurtularıq”.