Tolerant ölkə...

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycanda bu günə qədər dini və milli zəmində heç bir problem yaşanmayıb

"Ölkəmizdə milli mədrəsələr qurulmalı və bu sahədə qardaş Türkiyənin təcrübəsindən istifadə olunmalıdır"



Birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı olan multikulturalizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur. Dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixi mövqedən yanaşdıqda, tolerantlıq anlayışının əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığını görərik. Qeyd edək ki, Azərbaycanda müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyev respublikamızda yaşayan çoxsaylı etnik qruplara və azsaylı xalqlara xüsusi diqqət göstərib. Bunun bariz nümunəsidir ki, “Yəhudilər Azərbaycanda” kitabı hazırlanıb, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib, yəhudi millətindən olan tanınmış şəxslərin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanıb. Bu günləri respublikamızda dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunmuş təcrübə xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir. Roma patriarxı I Varfolomey 2003-cü ilin aprel ayında ölkəmizə iki günlük səfəri zamanı əminliklə qeyd etmişdi ki, Azərbaycanda dinindən, dilindən, millətindən asılı olmayaraq bütün insanların bir-biri ilə ünsiyyəti və dövlətin onlara münasibəti nümunəvidir. “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”.

Bu gün ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyacı, problemləri ilə yaxından maraqlanır. Azərbaycanda milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyasına, onların dini əqidə azadlığının təminatına, öz mədəniyyət və dillərini inkişaf etdirmələrinə hər çür şərait yaradılır. Azərbaycandakı nadir din-dövlət münasibətləri modeli daim dünyanın aparıcı dövlətlərinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Hətta onlar çıxışlarında bildirirlər ki, Azərbaycanda dinlər arasında tolerantlıq münasibətləri bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Bu gün dünyada baş verən hadisələr dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə islam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada islam əleyhinə kampaniyaların geniş işıqlandırılması, əslində, Qərb və Şərq sivilizasiyaları arasında uçuruma yol açır. Bu günləri dünyada baş verən proseslər əksər insanlar arasında narahatlıq doğurur. Hər kəsi bir sual maraqlandırır: "Azərbaycanda da dini məzhəb qarşıdurması baş verə bilərmi?".

AĞ Partiyanın başqanının birinci müavini Əhəd Məmmədli "Şərq"ə açıqlamasında vurğulayıb ki, Azərbaycan əsrlərdir ki, öz tolerantlığı ilə seçilən ölkədir. O qeyd edib ki, indiyədək ölkəmizdə həm milli, həm də dini zəmində heç bir problem yaranmayıb:

"Təəssüflər olsun ki, müstəqilliyimizi bərpa edəndən sonra ölkəmizə başqa ölkələrdən axınlar oldu. Bu axınlar isə ölkədə dini qarşıdurmanın cücərtilərini səpdi. Ancaq yenə də deyirəm, şükürlər olsun ki, bu məsələlər bizim ölkədə digər ölkələrdəki kimi deyil. Amma dövlət bu məsələni axarına buraxarsa, təbii ki, yaranması qaçılmazdır. Bunun da yaranmaması üçün dövlət bu istiqamətdə nəzarəti gücləndirməlidir. Yəni burada məscidləri bağlamaq, dindarları həbs etdirmək, saqqalları qırxdırmaq, hicaba icazə verməmək və s. kimi addımlar həll yolu deyil. Yalnız bir həll yolu odur ki, Azərbaycanın özündən dini teoloqlar, dini xadimlər yetişdirilməlidir. Bu günləri ölkəmizdə bir çox məscidlər çox təəssüflər olsun ki, İrana bağlıdır. Bir çox məscidlərdə mollaların beyni Tehranla oturub durur. Bu günləri ölkəmizdə çoxlu sayda savadlı din xadimləri var. Buna görə də Azərbaycanda milli mədrəsələr qurulmalı və bu sahədə qardaş Türkiyənin təcrübəsindən istifadə olunmalıdır. Bu olan təqdirdə Azərbaycanda məzhəb qarşıdurmasının qarşısı alına bilər".

İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında deyib ki, ölkəmizdə məzhəb qarşıdurması üçün zəmin və şərait heç vaxt olmayıb. O qeyd edib ki, bəziləri aranı qarışdırmaq

üçün bəzi hərəkətlər etmək istəsə də, bunun qarşısı dövlətimiz tərəfindən dərhal uğurla alınır və alınacaq da.