DİN: Polis kapitanının fəndlə şəxsi yerə yıxması... - Video

Vətəndaşın narkotiklə ittiham edilməsi iddiaları əsassızdır.

Bu sözləri Axar.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov deyib.

Açıqlamada sosial şəbəkələrdə polis əməkdaşının şübhəli şəxsi saxlamasına dair görüntülərin 5 il öncə Sabunçu rayonunda qeydə alındığı bildirilib.

Belə ki, ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxsin ərazidə axtarışı aparılan digər şübhəlilərlə əlaqəsi yoxdur. Onun barəsində aqressiv davranışına görə inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə tətbiq edilməklə sərbəst buraxılıb.

“Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, vətəndaşın narkotiklə ittiham edilməsi və digər əsası olmayan iddialar həqiqəti əks etdirmir”, - Anar Qafarov bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə polis kapitanı, dünya çempionu Bəxtiyar Abbasovun adı açıqlanmayan şəxsi saxlayarkən, ona zor tətbiq etməsi və guya cibinə narkotik atması haqda iddia və video yayılıb.

Telegram Widget