Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir?

Azərbaycan-Gürcüstan sərhədində 4.8 maqnitudalı zəlzələ olub.
Sherg.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu, təbii prosesdir.

"Ölkəmizdə qeydə alınan zəlzələlərin çoxu hiss edilmir. Qorxulu nəsə yoxdur, Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir", - deyə Q.Yetirmişli əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Zaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.