Oğurluqlar artıb: Çimərliklərdə oğurlanan əşyalara kim cavabdehdir? -AÇIQLAMA

Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.                                                                                                                                        
"Sherg.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Səbail rayonu ərazisində yerləşən çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Maraqlıdır, çimərlikdə itən əşyala görə kim cavabdehlik daşıyır?
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a deyib ki, vətəndaşlar çimərliyə gedərkən şəxsi əşyalarını, mobil telefonlarını təhlükəsiz və etibarlı yerdə saxlamalıdırlar:

''İstirahət mərkəzlərində özəl saxlama yerləri mövcuddur. Ona görə də müştəri istirahət edərkən əşyalarını həmin yerə təhvil verir. Əgər təhvil verilən yerin qapısı zədələnərək əşya itərsə, burada həmin istirahət mərkəzi məsuliyyət daşıyır və zərəri də qarşılamalıdır. Ancaq açıq çimərliklərdə itən əşyalara şəxsin özü cavabdeh olmalıdır. Çimərlik olan yerlərdə operatorlar fəaliyyət göstərir. Onlar geyim, duş, yemək üçün xidmət edirlər. Bu səbəbdən insanlar dəyəri yüksək olan əşyalarını saxlanc yerlərində saxlaması daha məqsədəuyğudur. Yəni qiymətli əşyalarını nəqliyyat vasitəsinin təkərinin, qumun və yaxud açıq yerlərdə qoyub dənizə girsələr, heç kəs məsuliyyət daşımayacaq. Bunun üçün hüquqi əsas da yaranmayacaq. Çünki iki dənə telefonum itib deyən şəxsin əslində bir telefonu oğurlana bilər. Bu heç kəsə bəlli deyil. Bir sözlə, deyilənlərin əsassız iddialar olma ehtimalı var. Ona görə də insanlar bu kimi məsələlərdə özləri diqqətli olmalıdırlar. Saxlama yerləri olduğu təqdirdə ora təhvil versinlər, olmadıqda isə növbəli şəkildə özləri nəzarət etsinlər. Çox təəssüf ki, çimərliklərdə oğurluq hadisələri kifayyət qədərdir. Bunun üçün də vətəndaşlar çox diqqətli olsunlar".