Şamaxıda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalara başlanılıb.
Qurumdan APA-ya verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyani sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi yarananda böyük ümid içərisində idik ki, Azad İstehlakçılar Birliyinin işi azalacaq:
“Təəssüflər olsun ki, AQTA qoyduğu hədəflərə çata bilmir. Burada da ciddi səbəblərdən biri hökumətin İstehlakçı siyasətinin zəif olmasıdır. AQTA-nın əl-qolu bağlıdır. Çünki onların cəld müdaxilə etməyə imkanları yoxdur. Yalnız qidanı əkən,biçən, saxlayan, daşıyan və satan şəxsləri reyestrə daxil edirlər. Xüsusən də rayon toyxanalarında böyük problemlər yaşanır. Onlar toyxanaları icarəyə verirlər. Əslində isə əksər toyxana sahibləri ərzaq malları ilə təchiz edirlər. O zaman toy etməyə icazə verilir ki, verilən bütün yeməklərdə AQTA ekspertiza götürsün və kağız versin. Bizə daxil olan məlumatlara görə bu iş effektli təşkil olunmayıb. Yəni toy sahibi özünə sərf edən bir neçə malı götürür, Qida Təhlükəsizliyinin hüquqi şöbəsinə gedərək ekspertiza edib-etmədiyinə dair müəyyən rüsum ödəyərək gətirib toyxana sahiblərinə verirlər. Bu alqoritm kökündən səhvdir. Daha effektiv yollar axtarılıb tapılmalıdır.
E.Hüseynov söyləyib ki, toyxanalar böyük zəhərlənmə mənbələridir:
"Köhnə və evdə hazırlanıb gətirilən qidaların verilməsi əsas problemdir. Ümumiyyətlə ev şəraitində hazırlanan qidalar Azərbaycanın qida mədəniyyətsizliyində böyük yer tutur. İllər boyu da Azad İstehlakçılar Birliyi Azərbaycanın qida mədəniyyətsizliyinə son qoymaq istəyib. Cuzi şəkildə azaltsaq da buna tam nail ola bilməmişik. Ona görə Azad İstehlakçılar Birliyi tərəfindən bu il may ayından Ağcabədi, Füzuli və Ağdam rayonlarında evdə şoraba hazırlamağa dair treninqlər keçirilir. Hazırlanmanın azalmasını görürük. Bunun üçün Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin grantını almışıq. Sabahkı toyxanada ola bilər toy sahibinin verdiyi və yaxudda sənaye üsulu ilə hazırlanmış qidalardan zəhərlənmələr olub. Lakin öncədən deyirəm ki, AQTA mütləq araşdırma apararaq deyəcək ki, günahkar özləridir. Yəni zəhərlənmə evdə hazırlanan qidalardan olub. 27 il ərzində bir dəfə də olsun sənaye üsulu ilə hazırlanan qidalardan zəhərlənməyə dair vətəndaşa kompensasiya verilməsinə nail olmamışıq. Azərbaycan həkimlərinin əlini kəssən də sertifikat verilmiş zəhərlənməni qeydə almazlar. Ölkədə qida zəhərlənməsinin statistikası biabırçı vəziyyətdədir. ÜDM göstəricisində dünyanın ən xoşbəxt xalqı görünürük. Lakin ÜDM Səhiyyə Təşkilatının orta uzunömürlülər siyahısında 190 ölkə arasında 115-ci yerdədir. Yəni 115 ölkədən geri qalırıq. Asiyanın Azərbaycandan zəif olan qidaya, tibbə əl çatanlığı aşağı olan Şri Lanka və Banqladeşdən də xeyli geri qalırıq. Bu o deməkdir ki, Azərbaycanda qida zəhərlənməsinin statistikası düzgün olmalıdır. Ümumiyyətlə ölkəmizdə vətəndaşların sağlamlıq keşiyində duran orqanlar bu statistikaya baxıb xumaralanırlar. Bildirirlər ki, biz yaxşı işləyirik. Özləri yalançı statistika düzəldib onnan həzz alırlar. Düşünürəm ki, bu cür həzzə son qoyulmalıdır”.